Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistana sülh müqaviləsi ilə bağlı prosesi tamamlamaq üçün “3+3” platformasından istifadənin təklif olunduğunu açıqlayıb. Onun sözlərinə görə, bu təkliflə Rusiya, Türkiyə və İran çıxış ediblər.
Lavrov bildirib ki, Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə problemlər qalır və İstanbulda bu məsələ ətraflı müzakirə olunub. Rusiya XİN başçısı Bakı və İrəvanın təklifi qəbul edəcəyi halda, sülh prosesinə müsbət təsirin olacağını güman etdiyini bildirib. O, bütün hallarda məsələnin Azərbaycan və Ermənistandan asılı olduğunu qeyd edib.
Bakı və İrəvan arasında bu istiqamətdə hər hansı razılıq varmı? Sülh Rusiya masasında imzalanarsa, Qərb Cənubi Qafqazda qarışıqlıq yarada bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Rusiyanın niyyəti istənilən formada prosesə daxil olub məsələni öz inhisarına almaqdır:
“Sülh müqaviləsi yalnız Azərbaycan və Ermənistan arasında imzalana bilər. “3+3” həm Bakı, həm də İrəvan üçün regional əməkdaşlıq baxımından əlverişli platformadır. Ölkələr arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi gələcək əməkdaşlığa fayda verəcək addımdır. Rusiya, yaxud hər hansı Qərb ölkəsinin olması fərq etməz, ümumiyyətlə sülh müqaviləsinin başqa dövlətin vasitəçiliyi ilə imzalanması gələcəkdə problemlərin təməlini qoyacaq məsələdir.
Bu dövlətlərin hər birinin öz maraqları var. Eyni zamanda məsələlərə imperialist yanaşması olan ölkələrdir. Onlara vasitəçilik verilərsə, çalışacaqlar ki, prosesdə öz maraqları da əksini tapsın. Bu nə Azərbaycana, nə də Ermənistana sərf edir. Sülh müqaviləsi elə formada bağlanmalıdır ki, burda yalnız iki dövlətlərin maraqları nəzərə alınsın. Həmçinin keçmişdə baş verən hadisələr göstərdi ki, bizim vasitəçiyə ehtiyacımız yoxdur. 44 günlük müharibədən sonra bir çox önəmli məsələ barədə razılığa məhz vasitəçisiz gəldik. Hansısa bir bitərəf ölkə sadəcə danışıqlar və müqavilənin imzalanması üçün ev sahibliyi edə bilər”.
Ekspertin sözlərinə görə, ev sahibliyi üçün Gürcüstan və ya Qazaxıstan daha uyğundur:
“Sülh müqaviləsi bu iki dövlətdən birinin ərazisində imzalana bilər. Sazişin Qərbin və Rusiyanın vasitəçiliyi ilə imzalanması gələcəkdə regionda narazılıq yaradacaq. Qarşı tərəf çalışacaq ki, məsələ öz vasitəçi ilə həllini tapmadığı üçün təxribat törətsin. Nəzərə alaq ki, Ermənistanda həm Qərb, həm də Rusiyaya bağlı qüvvələr var və onlar istənilən anda ağalarının əmrini icra etməyə hazırdılar. Bu baxımdan sülh müqaviləsinin vasitəçi olmadan həll edilməsi daha sərfəlidir”.
Turan Rzayev
Globalinfo.az