Sağlam cəmiyyətin yetişməsi, demokratik mühitin və şəffaf idarəetmə sisteminin formalaşması üçün əsas şərtlərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır.
Cəmiyyətlərdə plüralizmin inkişafı üçün məlumat azadlığı və informasiyaya əlçatanlığın asanlaşdırılması zəruridir. Çünki daim tərəqqiyə can atan insan fikir, söz və məlumat azadlığı olmadan inkişaf edə bilməz. Plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır və proseslərin nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişafını təmin edir.
Azərbaycan bu məsələdə dövlətin həssas və diqqətli yanaşması ilə seçilir.
Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, demokratik, hüquqi Azərbaycan dövlətinin əsas məqsədlərindən biri ölkədə fikir rəngarəngliyini təmin etmək, plüralizm və söz azadlığının inkişafına nail olmaqdır:
“Azərbaycan dövləti bu istiqamətdə hər zaman mühüm addımlar atır. Xüsusilə qanunvericilik daim təkmilləşdirilir. İstənilən şərti demokratik cəmiyyətdə inkişaf bir məqsəddirsə, ona gedən yol fikir ayrılıqlarından, fırtınasından, cəmiyyətin dünya görüşünün rəngarəngliyindən keçir. Şübhəsiz, bütün bunlar cəmiyyətdə rəqabət üçün imkanlar yaradır, inkişafa gətirib çıxarır. Azərbaycan ictimaiyyətində hazırda vətəndaş cəmiyyəti institutlarının fəal formalaşması prosesi gedir. Baş verən hadisələrə müdaxilə, media rəngarəngliyi buna yönəlib.

Hikmət Babaoğlu
Prezident İlham Əliyev çıxışlarından birində cəmiyyətin xüsusilə media və vətəndaş cəmiyyəti institutlarını ictimai nəzarət funksiyalarını yerinə yetirməyə dəvət etdi. Bu da çatışmazlıqların aradan qaldırılması, mövcud problemlərin həlli baxımından mühüm vasitədir. Hesab edirəm, yuxarıda qeyd etdiyim məqamlar, fikir, söz və məlumat azadlıqlarını təmin edir. Plüralizm cəmiyyəti formalaşdırır”.
Politoloq Qabil Hüseynli Globalinfo.az-a bildirib ki, müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda söz və fikir azadlığı istiqamətində olan keyfiyyət dəyişiklikləri çox böyük nailiyyətlərdən xəbər verir:
“Bir-birinin ardınca qəbul olunan normativ hüquqi aktlar bu prosesə təkan verdi, pərçimlədi. Xüsusilə mərhum Prezident Heydər Əliyevin 1998-ci il 18 iyun tarixində imzaladığı Sərəncamla təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, eləcə də həmin il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman ölkədə fikir, söz, mətbuat azadlığına əlverişli şərait yaradan ilk normativ aktlardır”.

Qabil Hüseynli
Politoloq deyib ki, daha sonra bu proses Prezident İlham Əliyev tərəfindən davam etdirildi:
“Xüsusilə ölkədə Media İnkişaf Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbulu kimi məsələlər daha keyfiyyətli, dayanıqlı mıətbuatın təmininə yönəldi. Güclü media isə öz növbəsində fikir və söz azadlığının inkişafı deməkdir.
Ölkəmizdə fikir, söz, məlumat azadlığı təmin olunur. Hazırda milli mətbuatımız özünün ən uğurlu, şəffaf fəaliyyət dövrünü yaşayır. Fikrimcə, müəyyən edilən problemlər isə tədricən aradan qaldırılır”.
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.
Turan Rzayev
Globalinfo.az














