Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustin ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib. Nazirlər Kabinetindən bildirilir ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilən telefon danışığı zamanı hökumət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının aktual məsələlərini nəzərdən keçirib. Əli Əsədovun müavini Şahin Mustafayev isə İranda Prezident Pezeşkian başda olmaqla bir sıra rəsmilərlə görüşüb.
İki böyük qonşu dövlətlə eyni vaxtda bu cür danışıqlar, görüşlər keçirilməsi nədən xəbər verir? Rəsmi Bakı əsrlərlə problem yaşadığımız, soyuq münasibətdə olduğumuz Moskva və Tehranla münasibətləri tamamən düzəltmək, qaydaya salmaq xətti tutub? Zəngəzur dəhlizinin açıqlmasına hazırlıq gedir?
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Azərbaycanın yerləşdiyi geostrateji məkanda çox mühüm proseslər gedir:
“Dünyanın bir çox regionunda münaqişələr yenidən alovlanıb. Yaxın Şərq, Rusiya Ukrayna, Koreya, Tayvan bu regionlardan ən çox diqqət çəkənidir. Təbii ki, belə çətin və qarışıq bir geosiyasi vəziyyət regional aktorların kartlarını düzgün oynamaq, ittifaqları sıxlaşdırmaq, həmçinin əməkdaşlıqları inkişaf etdirməyi zəruri edir.
Azərbaycan hər nə qədər qeyd olunan münaqişələrə müdaxilə etməsə də onu prosesə cəlb etmək istəyən qüvvələr var. Rəsmi Bakı buna görə ənənəvi balans siyasətinə sadiq qalaraq xüsusi ilə Rusiya və İran ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Yəni biz konkret tərəf tutmasaq da regiondakı qonşularımıza bizdən təhlükə gəlməyəcəyənin mesajını veririk.
Hesab edirəm Azərbaycanın Baş naziri Əli Əsədovun rusiyalı həmkarı Mixail Mişustinlə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etməsi, həmçinin Əli Əsədovun müavini Şahin Mustafayev isə İranda Prezident Pezeşkian başda olmaqla bir sıra rəsmilərlə görüşməsi buna dəlalət edir.
Nəqliyyat bağlantılarının formalaşdırılması, Cənubi Qafqazın gələcək geopolitik dizaynının həyata keçirilməsi ilə müşayiət olunur. Baş nazir Əli Əsədovun rusiyalı həmkarı Mişustin ilə təmasları, Baş nazirin müavini Şahin Mustafayevin İranda bir sıra rəsmi şəxslərlə görüşü bölgədəki təhlükəsizliyin, sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlib. Zəngəzur dəhlizi üzərində şimal və cənub qonşumuz arasında siyasi polemika, fikir ayrı seçkilikləri müşahidə olundu”.
Politoloqun sözlərinə görə, regionda sabit geosiyasi mühitin formalaşması əsas hədəfdir:
“Azərbaycan hər zaman balanslı siyasət yürüdüb. Rusiya və İran arasında yerləşməsinə, bu potensialdan maksimum dərəcədə istifadə olunmasına rəsmi Bakı diqqət yetirib. Şimal-Cənub nəqliyyat dəhlizi də məhz bu ölkələrin ərazisindən keçir. İldən-ilə artan potensialı genişlənən nəqliyyat arteriyasıdır”.
Safura Bənnayeva
Globalinfo.az