ehmed yeni

Əhməd Əhmədova verilən cəza cəmiyyətdə müəyyən çaşqınlıq yaradıb. Bəziləri bilməzdən, bəzi qisim isə qərəzdən bunu Əhmədə cəza verilmədiyi kimi yozur. 

Globalinfo.az-a danışan vəkil Adəm Məmmədovun fikrincə, bu məsələ barədə daha çox anlayışı, biliyi olmayan şəxslər danışır deyə çaşqınlıq yaranır.

O deyib ki, məsələni peşəkarların şərh etməsi daha effektiv olar:

“Cəmiyyətdə açıqlama gedir ki, guya Əhməd Əhmədov məsuliyyətdən tamamilə azad olunub. Burada söhbət şəxsin cəzaçəkmə müəssisəsində olmamasından və ya onun barəsində ittiham hökmü çıxarılmasından gedir. Cinayət Məcəlləsinin 21.1-ci maddəsində anlaqsızlıqla bağlı norma nəzərdə tutulub. Orada göstərilir ki, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. 21.2-ci maddədə isə göstərilir ki, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Bu o deməkdir ki, məhkəmə həmin şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edə bilər”.

media media 1555009108 adem onyq1phuckfaxg72w3et l1f82t9suw7ivmkygj3e

Adəm Məmmədov

Vəkilin sözlərinə görə, məhkəmə Ə.Əhmədovu cəzadan azad etsə də, onu azadlığa buraxmır:

“O, tibb müəssisəsinə göndərilir. Loru dildə desək, Əhmədi “dəlixanaya” göndəriblər. Həmin adam orada olduğu müddətdə hər müalicədən sonra komissiya yoxlanışı həyata keçirilir. Əgər sağalarsa, yenidən mühakimə olunacaq. Yox, sağalmasa, qeyri-müəyyən müddət elə orada qalmış olacaq. Əslində, Əhmədə daha ağır cəza verilib. Çünki adam normal cəzaçəkmə müəssisəndə deyil, ciddi psixi xəstəliyi olan şəxslərin yanına göndərilib. Psixoloji problemi olan biri də cəzaçəkmə müəssisəsində islah oluna bilməz”.

Adəm Məmmədov deyib ki, cəmiyyətdə həkimin rəyi müzakirə olunmalıdır:

“Maraqlanmaq lazımdır ki, o həkimlərin verdiyi rəy düzdür, yoxsa səhv. Cəmiyyətdə hüquq düşüncəsi olmadığına görə, çoxu məsələni başqa cür istiqamətləndirir. Ona görə ictimaiyyətdə çaşqınlıq yaranır. İşi bilən peşəkarlar danışsa, daha effektiv olar”.

Zaira Akifqızı

Globalinfo.az

Paylaş: