Günümüzdə müzakirə olunan əsas mövzulardan biri də islam dinində ibadətlə bağlıdır. Belə ki, qadınların namaz qıldıqları vaxt uzun və boyalı dırnaqda olması birmənalı qaşılanmır. Müəyyən bir kəsim ibadətin müddətində xanımların dırnaqlarını qısa və təmiz saxlanmalı olduğu fikrini müdafiə edir.
Bəs, həqiqət nədir? İslam dinində bu məsələyə necə yanaşılır?
Globalinfo.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov deyib ki, bu, problemli bir məsələdir. İlahiyyatçının sözlərinə görə, bununla bağlı fikirlər fərqlidir:
“Bununla bağlı fiqh alimlər də danışıb. Əgər hədislərə baxsaq, görərik ki, bu barədə Peyğəmbərimizin (s.a.v) hədisləri çoxdur. Həmin hədislərə görə, dəstnamaz və namaz vaxtı dırnağa boya çəkmək, dırnaq uzatmaq düzgün deyil və dində qəbul edilmir. Şəriətdə belə şeylər yoxdur. Bir sözlə, dəstnamaz zamanı dırnağın uzun və boyalı olması günahdır, ibadət qəbul olunmur”.
Əkrəm Həsənov
İlahiyyatçı deyib ki, müasir dövrdə fiqh alimlər bununla bağlı mübahisə edirlər:
“Bəzi alimlər deyir ki, dəstnamaz vaxtı dırnağın uzun olmasında, boya çəkilməsində heç bir problem yoxdur. Onların sözlərinə görə, dırnaq ətin üstündə olduğu üçün boya çəkən zaman heç nə dəyişmir, dəstnamaz pozulmur və s. Amma Peyğəmbər (s.a.v) və bəzi alimlər bunun yanlış olduğunu bildirir. Ümumilikdə fikrimcə, dırnaq uzatmaqda, boya çəkməkdə heç bir qəbahət yoxdur və bu cür halda dəstnamaz almaq, ibadət etmək olar”.
Zaira Akifqızı














