Qadın nazir müavini 500 manatlıq kitab “oğurlayır”, naşir şikayət edir, deputat isə…

Qadın nazir müavini 500 manatlıq kitab “oğurlayır”, naşir şikayət edir, deputat isə...

X Bakı Beynəlxalq Kitab sərgisi bir neçə gündür davam edir. Tədbir ətrafında müzakirələr səngimir. Müzakirələrdə sərgiyə az adamın qatılmasından tutmuş, tədbirə gələn məmurların qəribə davranışına qədər bir çox məsələlər haqda şikayətlər eşidilir.

“Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu ötən həftə sosial şəbəkə hesabında iştirakçıların azlığına toxunmuşdu. O, həmçinin sərgiyə gələn nazir müavininin 500 manatlıq kitabı pulsuz apardığını demişdi. Medianın araşdırması zamanı məlum olmuşdu ki, bunu edən qadın nazir müavinidir.

Bəzi iddialara görə, sərgiyə az adamın qatılmasının bir neçə səbəbi var. Məsələn, hazırkı sərginin keçirildiyi ünvanın əlverişsiz olduğu bildirilir. Digər səbəb kimi insanların maddi imkanlarının azlığı göstərilir. Bir başqa iddia isə odur ki, kitablar zəif tərtib olunur – əsas da tərcümələrin qüsurluğu olduğu haqda fikirlər səsləndirilir.

Qadın nazir müavini 500 manatlıq kitab “oğurlayır”, naşir şikayət edir, deputat isə...

Şahbaz Xuduoğlu

Bu məsələdə naşirlərin, nəşriyyatların hər hansı suçu varmı?

Globalinfo.az-a danışan Milli Məclisin komitə sədri Fazil Mustafa deyib ki, burada müəyyən formada naşirlərin qınanması mümkün ola bilər.

Onun fikrincə, bu məsələdə hər kəsin baxışı fərqli olur:

“Naşir nə etsin?! Onsuz da Azərbaycan cəmiyyəti istər 50, istərsə də 30 il əvvəl bu dərəcədə kitab oxumayıb. Məsələn, Rusiya, Türkiyə, Avropa ilə müqayisədə bizdə kitab oxunaqlığı çox aşağıdır. Bəlkə əvvəllər təhsil səviyyəsinə görə Türkiyədən daha irəlidə idik, amma indi xeyli geridəyik. Fikrimcə, məsələyə bu kontekstdən yanaşmaq lazımdır. Cəmiyyətdə kitabın təbliği məsələsi çox önəmlidir. Burada maddi və başqa məsələlər sadəcə, bəhanədir. Ən zəngin yaşayan ərəb ölkələrində hamı kitab oxuyur? Şeyxlər, yaxud imkanlı adamlar hamısı kitabı təşviq edirlər? Belə bir şey yoxdur axı. O baxımdan da kitabın oxunması üçün birinci növbədə keyfiyyətli universitetin, kitabın oxunacağı və mədəni mühitlər, mədəniyyət ocaqları, çox sayda jurnallar olmalıdır. “Ədəbiyyat qəzeti” bu gün çıxır. Məsələn, bölgələrdə nəşrlərin daha geniş səviyyədə olması lazımdır”.

Qadın nazir müavini 500 manatlıq kitab “oğurlayır”, naşir şikayət edir, deputat isə...

Fazil Mustafa

Deputat deyib ki, bölgələrin heç birində hansısa populyar jurnal buraxılmır, kitab nəşri də yoxdur:

“Gəncə kimi böyük şəhərdə hansı nəşriyyat xüsusi fəaliyyət göstərir? Orada son illərdə fədakarcasına kitab mağazası açırlar, amma onu ayaqda tutmaq çətindir. Məncə, kitab sahəsinə dövlətin dəstəyi artırılmalıdır. Bu dəstək artırılandan sonra, maraq da artacaq. Çünki dediyim kimi, Azərbaycanda kitab mühiti problemi var. Biz hələ az-çox üzdə olan naşirlərə təşəkkür etməliyik ki, onlar bunu ayaqda tuturlar. Yəni bu qədər məhdudiyyətin, sıxıntının içində, kitabla bağlı materialların çatışmadığı bir dövrdə onlar bu işi həyata keçirirlərsə, o adamlara təşəkkür etmək lazımdır. Çünki bu, artıq gəlirli biznes sahəsindən uzaqlaşmaqdadır. O baxımdan da burada fədakarlıq işindən söhbət gedir. Biz də çalışmalıyıq ki, həm təbliğatda işlər artırılsın, həm də kitab istehsal edən sektora dəstək artırılsın. Özəl sektor da olsa, müəyyən təşfiqedici addımlar atılmalıdır, bu sahənin çöküşə getməməsi üçün faizsiz kreditlərin verilməsi təmin edilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az