Xəzər Universiteti Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı, Dillər və Ədəbiyyatlar Departamentinin dəstəyi ilə Müəllimlər Gününə həsr olunmuş “Məndədir, Səndədir, Müəllim ömrü” adlı tədbir keçirilib.
Globalinfo.az xəbər verir ki, tədbir universitetin Nəriman Nərimanov filialında baş tutub.
Tədbirdə ilk olaraq Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Turan çıxış edib, qonaqları salamlayıb. Ardınca Dillər və Ədəbiyyat Departamentinin müdiri, dosent Dilbər Zeynalova və filologiya üzrə fəlsəfə doktoru Reyhan Mədətova çıxış edib, məzunlarını unutmadığını bildiriblər.
Həmçinin universitetin “Azərbaycan dili və Ədəbiyyat müəllimliyi” və “Filologiya” (“Azərbaycan dili və Ədəbiyyatı”) ixtisasları üzrə müxtəlif illərdə təhsil almış məzunları eyni ixtisas üzrə təhsil alan birinci kurs tələbələrilə öz uğurlu hekayələrini paylaşıb, ixtisaslarına qarşı maraq oyadacaq, motivasiya olacaq məqamları bölüşüblər.
Sonda məzunlar çay süfrəsinə qonaq edilib, onlarla keçmiş illərdən, tələbəlik illərində müəllimlərinin yadında necə qaldıqları ilə bağlı xatirələr danışılıb.