naxcivan esas

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə təbii qaz təchizatı və “yaşıl enerji”nin tədarükü layihələrini müzakirə edib. Energetika naziri Pərviz Şahbazov Braziliyanın G20-yə sədrliyi çərçivəsində Foz do İquaçu şəhərində keçirilən “Təmiz Enerji və İnnovasiyalar üzrə Nazirlər” iclasında çıxış zamanı sözügedən məsələ gündəmə gətirilib.

Eyni zamanda Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simsonla görüşdə təbii qaz təchizatı, “yaşıl enerji” tərəfdaşlığı və COP29 çərçivəsində əməkdaşlıq məsələləri də qaldırılıb.

Bu layihələr ölkə iqtisadiyyatına nə vəd verir? Naxçıvan üzərindən Türkiyə vasitəsilə Avropaya “yaşıl enerji” infrastrukturunun qurulmasının əhəmiyyəti nədir?

Globalinfo.az-a danışan iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov deyib ki, son illərin geosiyasi və iqtisadi problemlərini nəzərə alaraq Avropa iqtisadiyyatında enerji balansının təmin edilməsi ilə bağlı çox ciddi çağırışlar və risklər var:

Elşad Məmmədov İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinə rəhbər təyin edilib

Elşad Məmmədov

“Bu proses Avropanın enerji idxalı məsələsini bir qədər də dərinləşdirir. Problemin daha da qabarıq olacağı indidən proqnozlaşdırıla bilər. Avropa üçün enerji idxalı məsələsi ciddi çağırış kimi formalaşmaqdadır. Azərbaycan bu istiqamətdə öz ixracatının şaxələndirilməsi, enerji sektorundakı sərmayələrin artırılması mexanizmlərini tətbiq edərək Avropaya hazır elektrik-enerji ixracatını reallaşdıraraq bir tərəfdən makroiqtisadi hədəflərə çatmaq nöqteyi-nəzərdən müsbət nəticələr əldə edə bilərik. Digər tərəfdən isə bu Avropa üçün Azərbaycanın önəmini bir daha artırmış olacaq. Realist yanaşmaların, iqtisadi cəhdin, əsaslandırılmış tədbirlərin həyata keçirilməsi zəruridir. Son nəticədə rentabelliklə bağlı göstəricilərə nail olmaq üçün bu istiqamətdə lazım olan optimal, texniki iqtisadi əsaslandırma olmalıdır. Nəzərə alınmalıdır ki, burada istismar xərcləri, nəqliyyat, loqistika, daşınmalarla bağlı olan xərclər, Avropadakı regional daxili bazarın durumu düzgün dəyərləndirilməlidir. Avropa iqtisadiyyatındakı hazırkı proseslər onu deməyə əsas verir ki, enerjiyə olan tələb azalmağa başlayacaq. Azərbaycanın alternativ enerji generasiyası ilə bağlı potensialını nəzərə alaraq, Avropanın enerji sektorunda kritik həddə idxaldan asılılığını nəzərə alsaq Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi hesabına Avropaya müəyyən həcmdə alternativ generasiya hesabına əldə olunan elektrik enerjisini ixrac edib iqtisadiyyatımızın imkanlarını genişləndirə bilər”.

İqtisadçı ekspert Elşən Bağırzadə isə məsələyə belə münasibət bildirib:

elsen bagirzadee

Elşən Bağırzadə

“İlk növbədə onu nəzərə almalıyıq ki, enerjiyə tələbi olan ölkələr enerji təklif edən ölkələrdən nə qədər asılıdırsa, enerji təklif edən ölkələr də enerji tələb edən ölkələrdən bir o qədər asılıdır. Yəni burada qarşılıqlı bir asılılıq mövcuddur. Bu gün enerji resursları bol olan ölkələr bu resurslarını dünyanın ən böyük 3 iqtisadi məkanından – ABŞ, Avropa, Çin və Cənubi-Şərqi Asiya – ən azı birinə təklif etməyə məcburdur. Bu vəziyyət hələ uzun müddət davam edəcək. Azərbaycan üçün də bu baxımdan ən əlverişli məkan Avropadır. Azərbaycan da öz enerji resurslarını hələ uzun müddət Avropaya təklif edəcək. Buna görə Avropa bazarında enerjiyə olan tələbdəki dəyişikliklərə də uyğunlaşmaq məcburiyyətindəyik. Avropa xüsusilə də Rusiya-Ukrayna savaşından sonra yaşıl enerjiyə keçid prosesini sürətləndirib. Bu baxımdan Azərbaycanın da buna uyğun addımlar atması təbiidir. Qara dənizin altından çəkiləcək kabel xətləri ilə Avropaya yaşıl enerji ixrac etmək planlarımız var. Eyni zamanda Naxçıvan və Türkiyə üzərindən də belə imkanlar mövcuddur. Hətta Türkiyə üzərindən olması strateji baxımdan bizim için daha məqbuldur. Ancaq bu layihələrin reallaşdırılması kifayət qədər zaman və böyük həcmli investisiyalar tələb edir. Təkcə Azərbaycan öz gücü ilə bunları edə bilməz, beynəlxalq əməkdaşlıq burada çox önəmlidir. Əsas odur ki, seçilən yol doğrudur. Azərbaycanın qalıq enerji resursları azalırsa və dünya bazarında qeyri-qalıq enerji resurslarına tələb daha sürətlə artırsa, ölkəmizin gələcək inkişafı baxımından bu cür layihə təşəbbüsləri ilə çıxış etməsi yaxşı haldır”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Safura Bənnayeva
Globalinfo.az

media loqo 1

Paylaş: