Rusiya hökumətinin sədri Mixail Mişustin Ermənistana səfər edib. Bildirilib ki, oktyabrın 1-də Mixail Mişustin İrəvanda Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun “Müasir reallıqlarda rəqəmsallaşma – dörd azadlığın təmin edilməsi üçün imperativ” mövzusunda plenar iclasında iştirak edəcək. İclasda daxili bazarın fəaliyyətinə, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və enerji sektorlarında qarşılıqlı əlaqənin inkişafına xüsusi diqqət yetiriləcəyi ilə bağlı məlumat verilib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan ilə birlikdə keçirdikləri Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədrlərinin görüşündə 2024-cü ildə Ermənistan və Rusiya arasındakı ticarət dövriyyəsinin 14-16 milyard ABŞ dolları arasında dəyişəcəyini bildirmişdi.
2022-ci ilə kimi bu dövriyyə 2 milyard həcmində olub.
Moskvanın İrəvanla bu cür yaxınlaşması, rəsmi səfərlərin intensivləşməsi nədən xəbər verir? Bu proses Azərbaycanın əleyhinədir? Kremlin antiermənistan ritorikasının bu şəkildə dəyişməsi nədən xəbər verir? Putin hansı ehtiyacdan Paşinyanla yaxınlaşmaq qərarı verib? Bu bir növ xüsusi geopolitik əməliyyat təsiri bağışlayır.
Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya ilə münasibətlərdə siyasi soyuqluq yaranıb:
Azad Məsiyev
“Paşinyanı hakimiyyətə gətirən ABŞ-ın əsas şərti Rusiyanın Ermənistanda nüfuzunu zəiflətmək və Qərbin nüfuz dairəsini gücləndirməkdir. Nikol Paşinyan bu təlimatlar əsasında siyasi fəaliyyətlə məşğuldur. Ermənistanda anti-Rusiya təbliğatı gedir. Lakin Rusiyanın Ermənistana təsir imkanları Qərbin imkanlarından daha genişdir. Bu həm iqtisadi, siyasi, həm də hərbi sahədə belədir. Ermənistan nə qədər Qərb yönümlü siyasət yürütsə də iqtisadiyyatı Rusiya bazarına bağlıdır. Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun Ermənistana son səfərində iki ölkə arasında iqtisadi dövriyyənin 2024-ci ilə kimi 14-16 milyard dollara qədər yüksələcəyini deməsi Paşinyanın havadarlarına verilən mesajdır”.
Politoloqun sözlərinə görə, Rusiya iqtisadi böhran yaradarsa, Ermənistan daxilində böyük problemlər baş verər:
“Paşinyan Rusiya ilə körpüləri yandırmamağa çalışır. KTMT-yə üzvlüyünü boykot etsə də, Aİİ-də nüfuzunu gücləndirməyə çalışır. Əgər Nikol KTMT-dən rəsmi formada çıxarsa, bu zaman Aİİ-dən də qovula bilər. Paşinyan bunu yaxşı anladığından atdığı addımlara fikir verir. Qərb isə öz növbəsində Ermənistanı iqtisadi baxımdan Avropaya inteqrasiya etdirmək üçün Türkiyəyə sərhədləri qeyd-şərtsiz açmaq üçün təzyiq edirlər”.
Safura Bənnayeva
Globalinfo.az