Nazirin “devalvasiya olmayacaq” cavabı yeni suallar doğurdu

Nazirin “devalvasiya olmayacaq” cavabı yeni suallar doğurdu

Son günlər ictimaiyyətdə, eləcədə mediada devalivasiyanın olacağı ilə bağlı xəbərlər yayılır. Lakin maliyyə naziri Samir Şərifov ölkədə devalvasiya olacağı ilə bağlı iddialara aydınlıq gətirərkən bunun şayiə olduğunu bildirib.

Sitat: “Biz Milli Məclisə dövlət büdcəsinin növbəti il üçün layihəsini təqdim edərkən bizim hesablamalar mövcud məzənnə üzərində qurulub. Ölkəmizdə devalvasiya olacağı dedi-qodudan başqa bir söhbət deyil”.

2015-cil il devalvasiyasından öncə də belə bəyanatlar verilirdi, amma 1 ay keçməmiş devalvasiya baş verdi. 2015-ci ilin devalvasiyasından əvvəl Mərkəzi Bank sədri və Maliyyə Naziri deyirdi ki, devalvasiya olmayacaq. Maliyyə nazirinin devalvasiya ilə bağlı dedikləri nə qədər əsaslıdır?

Onun bu açıqlamasına arxayın olmaq mümkündürmü?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanovun sözlərinə görə, sabit maliyyə siyasəti ölkəmizdə 10 ilə yaxındır ki, uğurla davam etdirilir.

O, devalvasiyanın bu müddət ərzində dövlətimiz tərəfindən tam şəkildə nəzarətdə saxlamasını nəzərdə tutduğunu qeyd edib:

“Bu da öz növbəsində investisiya iqliminə ən çox təsir göstərən amillərdən biridir. Lakin ölkənin valyuta ehtiyatlarının formalaşmasında əsas rol neft sektorudur. Neft hasilatında isə demək olar ki, son 10 ilin göstəricilərinə münasibətdə 30 faizdən bir qədər də artıq azalma var. 10 faizdən artıq isə SOCAR-ın payına düşən hasilatın həcmində azalma qeydə alınıb. Yəni Ümumi Daxili Məhsulun (ÜDM) və ixrac göstəricilərinin əsas həcmi, habelə əsas valyuta ehtiyatının formalaşması bilavasitə neftə bağlıdır”.

Nazirin “devalvasiya olmayacaq” cavabı yeni suallar doğurdu

Elçin Qurbanov

İqtisadçı nazirin fikirlərinə aydınlıq gətirib:

“Maliyyə naziri cənab S.Şərifovun devalvasiya ilə bağlı sabitliyin davam edəcəyi haqda fikirlərinə gəlincə, yalnız onu deyə bilərəm ki, onun açıqlamasında dövlət büdcəsinin növbəti il üçün layihəsinə mövcud məzənnə ilə baxıldığı qeyd olunur. İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozlarında da 2025-28-ci illərdə manatın ABŞ dolları qarşısında sabit qalacağı qeyd olunur. Dövlət zərurət yarandığı təqdirdə mövcud ehtiyatları və imkanları nəzərə alaraq valyuta ehtiyatlarına qarşı daha qənaətçil yanaşa, monetar siyasətində dəyişiklik edə bilər. Lakin dünyada siyasi tarazlığın pozulması, Rusiya və Ukrayna, habelə Yaxın Şərqdə getdikcə alovlanan müharibələrin daha geniş miqyasda cərəyan etməsi göstəriciləri kökündən dəyişə bilər”.

Qeyd edək ki, Maliyyə Nazirliyinin hesabatına əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb. Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir.

Zaira Akifqızı
Globalinfo.az