“İmamoğlu ilə bağlı qərar Ərdoğana qurulan tələdir” – Türkiyəli professor

“İmamoğlu ilə bağlı qərar Ərdoğana qurulan tələdir” – Türkiyəli professor

İstanbul Böyük Şəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlu haqqında Türkiyə məhkəməsi 2 il 7 ay 15 gün həbs cəzası verib. Qərardan sonra ölkənin daxili siyasətində gərginlik artıb.

Onun həbsi həm də bir sıra sualları aktuallaşdırır. Maraqlıdır, Əkrəm İmamoğlunun həbsi onun parlamasına, ictimai və beynəlxalq dəstək qazanmasına, xalq tərəfindən sevilməsinə kömək edəcəkmi? Bu hadisə Rəcəb Tayyib Ərdoğan hökumətinin seçki öncəsi beynəlxalq təzyiqlə üzləşməsinə səbəb olmayacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən Türkiyənin Dumlupınar Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının müdiri, prof.dr. Hüsaməddin İnaç deyib ki, məhkəmənin İstanbul Böyük Şəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlu haqqında həbs cəzası verməsi onu haqsızlığa uğramış eyforiyası yaradır:

“Bu həm də onun prezident namizədi kimi seçkilərdə qələbə qazanmaq ehtimallarını da yüksəldir.

Ə.İmamoğlu Türkiyədəki qlobalist və qərbə təslim olmağı düşünən siyasi elitanın təmsilçisidir. Buna görə də hesab edirəm ki, məhkəmənin İmamoğlu barəsində verdiyi bu qərar əslində prezident Rəcəb Tayyib Ərdoğanı məqsədyönlü şəkildə çətin vəziyyətə salmağa hesablanıb.

“İmamoğlu ilə bağlı qərar Ərdoğana qurulan tələdir” – Türkiyəli professor

Mən şəxsən verilən bu qərarın cənab Ərdoğana qurulan bir tələ olduğunu düşünürəm. Məsələ ondadır ki, bu gün məhkəmə sistemində hələ də FETÖ terror təşkilatına sadiq hakimlər var və verilən bu qərar da bunun əyani sübutudur.

Məntiqlə yanaşdıqda Əkrəm İmamoğlunu həbs etdirmək iqtidarın heç bir işinə yaramır. Əksinə, bu, AKP-yə qarşı təzyiqləri artıra bilər. Belə bir qərar yalnız və yalnız müxalifətin maraqlarına uyğundur”.

Politoloq Vaqif Hüseyn isə Globalinfo.az-a deyib ki, Əkrəm İmamaoğlunun həbsi Türkiyədə hər kəs üçün gözlənilməz oldu:

“Ümumiyyətlə onunla bağlı cinayət işi üç ildir ki, davam edirdi. Bildiyiniz kimi, 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində İmamoğlu cüzi fərqlə hakim partiyanın namizədi Binəli Yıldırımı məğlub edə bildi. Binali Yıldırımın qərara etirazı sonrası Türkiyə Seçki Komitəsi səslərin yenidən sayılmasına qərar verdi. İmamoğlu həmin qərara olduqca sərt etiraz etmiş, məhz buna görə də haqqında cinayət işi açılmışdı.

Türkiyə Seçki Komitəsi bizdəki kimi deyil. Onlarda qərar verən şəxslər ali hakim kimi nüfuzlu şəxslərdir. Yəni onların verdiyi qərara sərt etiraz və ya təhqir kimi hallar şəxsin cəza alması ilə nəticələnə bilər.

Əkrəm İmamoğlu müxalifət blokunun vahid namizədi deyildi. CHP başqanı Kamal Kılıçdaroğlu özü namizəd kimi seçkilərdə iştirak etmək istəyir. Həbs qərarından sonra İmamoğlunun prestiji yüksələ bilər”.

Turan Rzayev
Globalinfo.az