“Qarışıqlığı Paşinyan yaradıb, ancaq vəziyyəti düzəltmək erməni xalqının üzərinə düşür”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.
“Nikol Paşinyanın BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışı məntiqdən uzaq və açıq şəkildə anti-Rusiya yönlü idi. Üstəlik, regional kommunikasiyaların blokdan çıxarılmasından danışarkən Ermənistan Nazirlər Kabinetinin rəhbəri Putinin vasitəçiliyi ilə imzalanmış 9 noyabr 2020-ci il tarixli Sazişin 9-cu bəndi barədə heç nə deməyib. Bu, Paşinyanın Rusiyanı Cənubi Qafqaz regionunda əsas oyunçu rolundan çıxarmağa çalışdığını göstərir.
Digər tərəfdən, Paşinyan BMT tribunasından “Şimal-Cənub” layihəsini rədd etdi və “Orta Dəhliz”in bir hissəsi olmağa hazırlaşdığını vurğuladı. Bu, həm Rusiyanın, həm də İranın maraqlarına ziddir. Bundan başqa, Ermənistanın baş naziri region ölkələrinin rolundan danışarkən Rusiyanın adını çəkməyib və bilərəkdən belə edib. Ancaq unutmamalıyıq ki, söhbət Aİİ-nin üzvü və İrəvanın ticarət tərəfdaşı olan ölkədən gedir. 2024-cü ilin cəmi altı ayı ərzində Rusiya ilə ticarət dövriyyəsi təxminən 8,4 milyard dollar təşkil edib. Odur ki, baş nazirin fikirləri Rusiyaya qarşı növbəti demarşdır və bunun acı nəticəsini Paşinyan yox, Ermənistan xalqı dadmalı olacaq”, – deyə Şarmazanov vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az