Putin Pasinyan 134553

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransanın xarici işlər naziri Stefan Sejurnenin İrəvandakı bəyanatına sərt reaksiya verib.

Zaxarova Sejurnenin, “Rusiya Ermənistana təzyiq göstərir”, – sözlərini axmaqlıq adlandırıb. Lakin o, Moskvanın İrəvan hökumətinin belə bir çıxışa şərait yaratması və fransız nazirə cavab verməməsinə görə təəssüfləndiyini deyib. XİN rəsmisi qeyd edib ki, bənzər hadisə Moskvada olsaydı, Rusiya öz tərəfdaşını müdafiə edərdi.

Globalinfo.az-a danışan politloq Zeynal Əmrəliyevin sözlərinə görə, Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra belə güman edilirdi ki, artıq rusmeyilli qüvvələr hökumətdən uzaqlaşdırılıb və ölkədə tamamilə Qərbin nəzarəti altındadır:

“Ancaq bu yaxınlarda Moskvada keçirilən Rusiya-Ermənistan hökumətlərarası komissiyasının iclasında səslənən rəqəmlər məsələnin başqa cür olduğunu göstərir. 2018 – ci ildə 2 milyard təşkil edən Rusiya – Ermənistan ticarət dövriyyəsi hazırda 15 milyard dollara çatıb. İlin sonuna doğru bu rəqəmin 16 milyard dollar olması gözlənilir. Keçən il isə 14 milyard dollar idi. Ticarət dövriyyəsində əsas pay məhz malların təkrar ixracından əldə edilir.

Məlumat üçün bildirim ki, Rusiyanın rəsmi strateji müttəfiqi olan Azərbaycanla ticarət dövriyyəsi hazırda 4,4 milyard dollardır. Ancaq görünür, Ermənistanla bu göstərici 4 dəfə çoxdur. O zaman bu necə əlaqələrin pozulmasıdır sayıla bilər?”

zeynal serh
Zeynal Əmrəliyev

Politoloq bildirib ki, iki ölkənin rəsmiləri bir – birinə qarşı kobud ifadələr işlədirlər:

“Xüsusilə Ermənistan parlamentinin sədri Alen Simonyan və Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova arasında baş verən qalmaqal buna misal ola bilər. Xanım Zaxarova indi də Ermənistan rəhbərliyinin KTMT ilə bağlı dediklərinə görə tənqid edib. Zaxarovaya demək lazımdır ki, əgər bu qədər narazısınızsa, ticarəti niyə getdikcə artırırsız? Xüsusilə qeyd etmək yerinə düşər ki, Rusiyadan Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi ölkələrə qiymətli metallar məhz Ermənistanın əli ilə satılır. Çünki rəsmi İrəvanın son zamanlar bu ərəb ölkələrinə qiymətli metal satışı fantastik dərəcədə yüksəklib”.

Z.Əmrəliyev qeyd edib ki, Paşinyan hökumətinin Rusiyaya Qərbin sanksiyalarını yarmaq üçün xidmət göstəridiyi aydın məsələdir:

“Parelel şəkildə Rusiya ilə münasibətləri pismiş kimi görüntü yaradır. Buna görə Qərb onun üzərinə gəlmir, hətta Rusiyaya qarşı “qorunması” üçün maliyyə dəstəyi də göstərir. Yəni Ermənistan ikitərəfli qazanır. Rusiyada onun vasitəsi ilə mallarını satır deyə bu ikiüzlülüyə göz yumur. Açıq – aydın görünür ki, Moskva və İrəvanın arasında baş verən gərginliklər gözə kül üfürməkdən başqa bir şey deyil. Rusiyanın Ermənistanla münasibətləri nəinki pisləşir, əksinə, daha da yaxınlaşır. Bunu ticarət dövriyyəsində artan fantastik rəqəmlər də sübut edir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: