Polish 20240920 191902525

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 14-1.1-ci maddəsinə əsasən bioloji aktiv qida məhsullarının (BAQM) reseptə yazılması Səhiyyə Nazirliyi tərəfindən qadağan olunub. Qeyd edilib ki, qanunvericiliyin tələblərinə riayət olunmasına və neqativ hallara səbəb ola biləcək amillərin aradan qaldırılması məqsədilə özəl tibb müəssisələrində resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən buraxılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılmasının qarşısının alınması üçün Analitik Ekspertiza Mərkəzinin səlahiyyətləri çərçivəsində maarifləndirici, preventiv və qanunvericiliklə müəyyən olunmuş inzibati tədbirlərin görülməsi nəzərdə tutulur.

“Elektron resept sisteminə keçid ilə əlaqədar özəl tibb müəssisələrində və aptek təşkilatlarında plan üzrə və plandankənar yoxlamaların aparılması zamanı həmin müəssisələrdə resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən yazılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılması, həmçinin belə reseptlər əsasında BAQM satışı hallarının aşkar edilməsi üçün nəzarət gücləndiriləcək”, – deyə məlumatda qeyd edilib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib ki, Azərbaycan ərazisində tətbiqinə icazə verilən bütün dərman maddələri beynəlxalq reyestrə düşüb.

Adil Qeybulla

Adil Qeybulla

Onun sözlərinə görə, qida əlavələri dərman perparatı kimi beynəlxalq reyestrə düşmür: 

“Onlar sadəcə həkim tərəfindən təyin edilə bilər. Əvvəla, həkim bilir ki, onun orqanizimdə təsir mexanizmi necə olacaq. Çünki bəzi dərman preparatları ilə yanaşı xəstələrə vitaminlərin, mineral kompleksin, bioflavonoidlərin və digər maddələr mübadiləsi üçün mühüm olan maddələrin təyini də çox vacibdir. Məsələn, biz xəstəyə vitamin D təyin edirik, amma bir şeyi bilməliyik ki, bu vitamin özbaşına təsir etməyəcək. Bunun təsiri üçün vitamin K2, B2, E və C də verilməlidir. İstər qida əlavələri şəklində, istərsə də ayrı”.

A.Qeybulla deyib ki, əslində, nutrisialogiya elmi göstərir ki, xəstələrə ayrı-ayrı dərman maddələrinin və ya defisitdə olan vitaminlərin təyini zamanı onların orqanizmə təsir mexanizmləri nəzərə alınmalıdır:

“Əgər bunlar Azərbaycan ərazisində qeydiyyata alınıbsa, o zaman bunu həkimin yazmaq ixtiyarı olmalıdır. Elektron resept sisteminə gəldikdə isə düşünürəm ki, səhiyyə sistemə çevirilməyincə, yəni ümumi sistem şəklində fəaliyyət göstərməyincə, bu cür reseptlər etibarlı və effektiv təsir göstərməyəcək. Bu tipli qadağalardansa, dərman maddələrinin reyestrinə olan keyfiyyət parametrlərinə diqqət yetirmək daha məqsədə uyğundur”.

Zaira Akifqızı

Globalinfo.az

Paylaş: