Qarabağdan Ermənistana qayıdan sonuncu separatçı Sərkis Qalstyana qarşı irəli sürülən ittihamlar bəlli olub.
Globalinfo.az xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Koçubayev danışıb.
Vəkilin sözlərinə görə, Ermənistan İstintaq Komitəsində keçmiş qondarma rejimin “məmurları” tərəfindən Qalstyana qarşı irəli sürülən ittihamların hamısı bir-bir inkar olunur:
“Sərkis Qalstyanı özünün bəyanatı əsasında xain hesab edirlər. Bu, dəlilik prezumpsiyasıdır. Yəni insan Qarabağdan Ermənistana gəlib və deyib ki, mən xainəm və məni mühakimə edin. Onunla bərabər gələn həyat yoldaşının azad olunduğunu da Qalstyan özü etiraf edib”.
Koçubayev bildirib ki, Qalstyanın dövlətə xəyanətdə günahlandırılması ilə bağlı irəli sürülən ittihamlardan biri onun evindən türk dili lüğətinin tapılmasına görədir:
“Birincisi, Türkiyə və Azərbaycan dillərinin fərqləndiyini bilmək üçün kosmik biliklərə sahib olmaq lazım deyil. Üstəlik, Qalstyanın özü türkoloqdur. Yəni türk dili lüğəti ixtisası türkoloq olan şəxsin evində tapılıb. Onlar deyirlər ki, guya bu, onun Azərbaycan xüsusi xidmət orqanları ilə əlaqəsini göstərən ikinci sübutdur”.
Vəkil Qalstyanın hesabına ötən il 4 milyon rublun köçürüldüyünü, bu məsələnin onun əleyhinə istifadə edildiyini deyib. Lakin Koçubayevin fikrincə, təqdim edilən sübut saxtadır:
“Əvvəla ona görə ki, pullar Ermənistana köçürülüb. Bu da Qarabağın tam mühasirədə olduğu zaman gerçəkləşib. Yəni Sərkis Qalstyan həmin vaxt Qarabağdan çıxıb, sonradan tez zamanda geri qayıda bilməzdi”.
Qeyd edək ki, S.Qalstyan Azərbaycanı tərk etdikdən az sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub. O, dövlətə xəyanətdə ittiham edilir.
Əliyar Xəlil
Globalinfo.az