İmişli rayonu Aranlı kəndindəki 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevanın işdən azad olunması müzakirələrə səbəb olub. Belə ki, müəllimin məktəbin giriş qapısı qarşısında şagirdləri yerdə əyləşdirərək dərs keçməsi adıçəkilən rayon icra nümayəndəsinin xoşuna gəlməyib. Bundan sonra onlar arasında mübahisə yaranıb.
Müəllimin bu hərəkəti şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə etməsi kimi qiymətləndirlib. Nəticədə “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozduğu əsas gətirilərək, L.Nəcəfquluzadə ilə bağlanmış əmək müqaviləsinə 17 sentyabr 2024-cü il tarixdə xitam verilib.
Qanunla qarşı tərəfin də işdən azad edilməsi mümkündürmü?
Globalinfo.az-ın əməkdaşı İmişli rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Zəng qurum nümayəndəsini qəzəbləndirib:
“Videoda hər şey aydın eşidilir. Müəllimin düz, ya səhv etdiyi görüntülərdə baxanda görünür. Orada “Yaşıl dünya naminə” dərsi keçmək olar?!”.
Sualımızdan yayınan əməkdaş çıxış yolunu dəstəyi asmaqda gördü.
Vəkil Elçin Sadıqov deyib ki, məsələ araşdırılmalıdır:
“Düzü, dərsin predmetinə baxdıqda onun açıq havada keçirilməsi ilə bağlı hər hansı bir qəbahət yoxdur. Amma müəllimi ictimai qaydada təhqir edən şəxs konkret öz əməlinə görə cavab verməlidir. Burada artıq xuliqanlıq və ya şəxsin təhqir olunması məsələsi ortaya çıxır. Bununla bağlı həmin şəxs barəsində təqib başlana bilər”.
Zaira Akifqızı














