Almaniyanın Frankfurt şəhər Polis Təşkilatı azərbaycanlı MMA döyüşçüsü Vüqar Baxşıyevin qətli ilə bağlı əldə edilmiş bəzi detalları açıqlayıb.
Frankfurt polisinin mətbuat xidmətindən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bazar ertəsi Frankfurtun “Praunheim” bölgəsində 38 yaşlı kişi odlu silahla qətlə yetirilib. Polisə təcili zəng saat 18:40 radələrində daxil olub.
Xilasedicilər yaralını həyata qaytarmağa çalışsalar da, bu, onun üçün çox gec olub. Hadisə yeri mühasirəyə alınıb, 40 yaşlı şübhəli qaçmaq istəyərkən saxlanılıb. O, ötən gün məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Kriminal polisin ilkin versiyasından biri odur ki, onlar bir-birilərini əvvəlcədən tanıyıblar. Cinayət hadisəsinə səbəb olan mübahisənin isə şəxsi münasibətlər zəmnində baş verməsi ehtimal edilir”.
Frankfurt polisindən saytımıza o da bildirilib ki, hadisə yerindəki müşahidə kameralarının görüntüləri də istintaq üçün götürülüb: “Həmin kamera görüntülərində yoldan keçən şəxslərin yaralıya tərəf qaçmaları görünür. Hadisə yerinə təcili tibbi yardım xidməti də həmin şəxslər tərəfindən çağırılıb. Olay yerində odlu silaha aid 5 giliz tapılıb. Polisin qətl hadisəsi ilə bağlı araşdırması davam edir.”
Məlumat üçün bildirək ki, 38 yaşlı mərhum Vüqar Baxşıyev “İnetgra Figtihing Championship” klubunun üzvü olub.
Fərahim İlqaroğlu
Xüsusi olaraq Globalinfo.az üçün, Almaniya














