Türk Dünyası Ortaq Əlifba Komissiyası tərəfindən 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının qəbul edilmsi ictimaiyyətdə maraq doğurub. Bunun ardınca VI çağırış Milli Məclis deputatı Ceyhun Məmmədov türk dövlətlərinin ortaq universitetinin yaradılması təklifi ilə çıxış edib.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan təhsil məsələləri üzrə ekspert Sona Əliyeva deyib ki, Ortaq Türk Əlifbasının yaradılması mühüm tarixi hadisədir:
“Türk dünyası bunu bir neçə əsrdir, arzulayır, gözləyirdi. İndi həmin tarixi an yetişdi. Bu, Turan Birliyinin qurulması yolunda atılan mühüm addımlardandır. Ortaq əlifbanın yaradılması ortaq dilimizin formalaşmasına da böyük töhfələr verəcək.
Sona Əliyeva
Bundan başqa, ortaq təhsil ocağının yaradılması məsələsi də gündəmdədir. Düşünürəm ki, elə bu formatda universitetin yaradılması da ortaq əlifba və dil məsələsi baxımdan mühüm əhəmiyyət daşıyır. Ən əsası, ortaq ali təhsil müəsissəsində oxuyan gənclər gələcəkdə həm də Turan Birliyinin vətəndaşları olacaqlar. Onlar əməkdaşlığın siyasi, iqtisadi, hərbi, mədəni sferalarının özüllərini, təməllərini daha da möhkəmləndirəcəklər. Bu baxımdan, ortaq universitetin yaradılması bizi gələcəkdə vahid pasport sisteminə daşıyacaq”.
Təhsil eksperti Elmin Nuri isə qeyd edib ki, Ortaq Türk Əlifbasının yaradılması ilə bağlı qərar cəmiyyətdə müsbət qarşılanıb:
Elmin Nuri
“Aparılan sorğular nəticəsində 18-30 yaş aralığındakı şəxslərin 80 faizdən çoxu buna müsbət cavab verib. Yaşının müəyyən dövrünə çatmış şəxslərin ideoloji, Türk dövlətlərinə inteqrasiya baxımından türk dövlətlərinin ortaq universitetinin açılmasında maraq göstərməsi sevindirici amildir. Türkiyə-Azərbaycan Universiteti bu istiqamətdə atılan ilk uğurlu addım kimi dəyərləndirilə bilər. Başqa türk dövlətləri ilə də ortaq universitet yaradılması mümkündür. Özbəkistan, Türkiyə, Azərbaycan və digər ölkələrin yeni universitet modeli haqqında kifayət qədər təcrübələri var. Xüsusən də Türkiyə və Qazaxıstan bu istiqamətdə çox sürətlə irəliləyir. Ortaq universitet bir çox prosedurlar baxımdan uğurlu nümunə sayıla bilər. Yaxın gələcəkdə bu prosesin reallaşması mümkündür”.
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
Safura Bənnayeva
Globalinfo.az














