ABŞ dövlət katibi Entoni Blinken Britaniyanın “Sky News“ telekanalına müsahibəsində deyib ki, Vaşinqton Kiyevə Amerikanın “ATACMS” raketləri ilə Rusiyanı vurmağa icazə verəcəyini istisna etmir.
Rusiya buna necə qarşılıq verəcək? “ATACMS” raketlərinin xüsusiyyətləri nədir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, ABŞ-ın Ukraynaya verdiyi “ATACMS” raket sistemləri 300 km məsafəyə qədər uçmaq, zərbə endirmək qabiliyyətinə malikdir:
“Ukrayna daha dərinə zərbə endirmək məqsədi ilə ABŞ-dan bu raketləri tələb edir. Fikirləşir ki, rəsmi Vaşinqton 300 km məsafəyə zərbə endirməyə icazə versə, Rusiyanın dərinliklərindəki strateji obyektlərini vura biləcək. Rusiya obyektləri, aeradromlarına və qərargahlara zərbə endirərərək çəkindirmə prosesinə başlaya bilərlər. “ATACMS” “HİMARS” raketlərinin buraxılış qurğusundan buraxılır. Belə ki, “HİMARS” 70 km, “ATACMS” isə 300 km məsafəyə qədər istifadə olunur. Buraxılış qurğusu da M270 MLRS-dir”.
Elxan Şıxəliyev
Hərbi ekspert bu raketlərin taktiki-texniki xüsusiyyəti haqqında da məlumat verib:
“Raketlər iki başlıqdan ibarət olur. Bunlardan biri fuqas başlıqlarıdır. Əsasən körpülərin dağıdılması, möhkəmləndirilmiş, dərinləşdirilmiş komanda məntəqələrinə zərbə endirilməsi məqsədi ilə istifadə olunur. Digəri isə kaset başlıqlarıdır. Bundan isə aerodromlara, şəxsi heyətlərin yerləşdiyi ərazilərə və strateji obyekt kimi qərar qəbuletmə məntəqələrinə zərbələr endirmək üçün istifadə olunur.
Ukrayna düşünür ki, bu raket sistemləri müharibənin taleyini dəyişə bilər. Lakin ABŞ bir qədər narahat olduğundan bu icazəni verməyi ləngidir. “ATACMS” məsafə və zərbələrin effektivliyi baxımından Rusiyanın əlində olan “İskəndər” raketlərinin eyniləşdirilmiş formasıdır”.
Safura Bənnayeva
Globalinfo.az














