453a487a 221f 4fe1 8a97 6a07bd73891c 850

2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror hücumundan 23 il ötür.

Həmin gün səhər saatlarında iki təyyarə Nyu-Yorkda yerləşən Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, üçüncü təyyarə isə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılmışdı. Hadisə nəticəsində 3 mindən çox insan həlak olmuş, Nyu-York şəhərinə 36 milyard dollar ziyan dəymişdi.

Bu, dünya tarixində ən böyük terror aktlarından biri kimi qiymətləndirilir. Uzun müddət keçməsinə baxmayaraq, hücumla bağlı hələ də bir-birindən fərqli versiyalar önə sürülür.

Sözügedən teraktın pərdəarxasında nələr var? Hücum əslində kimin planıdır?

Globalinfo.az-a danışan politoloq Teymur Qasımov deyib ki, dinindən, irqindən, cinsindən, millətindən asılı olmayaraq terror qınanılmalı hadisədir:

“Məqsəd nə olursa olsun, mülki şəxslərin həyatını itirməsi heç bir halda əsaslandırıla bilməz. 11 sentyabr hücumu da bu qəbildən dünyanın gördüyü ən dəhşətli hadisələrdəndir. Nyu-Yorkda yerləşən Ümumdünya Ticarət Mərkəzinə təyyarə ilə edilən hücumun ağır nəticələri oldu. Xüsusilə də dünyanın tarixini, siyasi gündəmini ciddi şəkildə dəyişdi.

Hücumdan sonra ABŞ Əfqanıstan və İraqı işğal etdi. Rəsmi Vaşinqton müttəfiqləri ilə Yaxın Şərqdə mövqeyini gücləndirdi, orada çox ciddi tədbirlər görüldü. “Buş doktrinası” qəbul edildi. ABŞ xüsusilə bu olaydan sonra dünya ölkələrini iki seçim qarşısında qoydu: ya ABŞ-ın yanındasınız, ya da terrorçuların tərəfində sayılırsınız”.

teymur qasimli esas
Teymur Qasımlı

Politoloq bildirib ki, bu hadisədə əsas günah ABŞ-dadır:

“Belə ki, Vaşinqtonun bir zamanlar yaratdığı “Əl Qaidə” terror təşkilatı və onun keçmiş rəhbəri Osame Bin Laden “silahı” özünə qarşı çevrildi. 11 sentyabr isə bu qarşıdurmanın pik nöqtəsi oldu.

Hadisə onu göstərdi ki, ABŞ o qədər də təhlükəsiz deyil. Müdafiə sistemi isə heç də mükəmməl şəkildə qurulmayıb. Vaşinqton hadisədən sonra təhlükəsizlik tədbirlərini artırdı. Lakin dediyim kimi, bu hücuma əsas reaksiya siyasi sferada özünü göstərdi”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: