Milli Məclisin deputatlarının maaşının artırıldığına dair yayılan məlumatlar müzakirələrə səbəb olub.
Seçkidən sonra VII çağırış parlament üzvlərinin yeni əməkhaqqı ilə fəaliyyətə başlayacaqları iddia edilir. Sözügedən məlumat sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və ciddi tənqidə səbəb olub.
Maraqlıdır, sıravi deputatların maaşı 7500 manatdan çox olacaq? Parlament üzvlərinin əməkhaqqı artımı cəmiyyətdə niyə mənfi reaksiya ilə qarşılanır?
Globalinfo.az-a danışan VI çağırış Milli Məclis deputatı Fazil Mustafa deyib ki, sözügedən artımla bağlı məlumat həqiqəti əks etdirmir:
“Bu xəbərin belə formada təqdim edilməsi məqsədyönlü xarakter daşıyır. Mən bu məsələnin kim və kimlər tərəfindən ortaya atıldığını, gündəmə gətirildiyini bilmirəm, lakin belə bir yenilik yoxdur. Görünür, kimlərsə bu formada həmin fikri təlqin etmək istəyirlər. Bizim arzumuz odur ki, hər kəs yaxşı maaş alsın. Bunun üçün isə ilk növbədə işsizlik ortadan qalxmalıdır. Vətəndaşların rifah səviyyəsinin artması hər şeydən vacibdir. Bu istiqamətdə səylər əsirgənməməlidir.
Bu gün ölkədə bir çox vətəndaşın yaşam standartı aşağıdır. Problemin aradan qalxması, rifahın artması üçün müvafiq işlər görülməlidir”.
Turan Rzayev
Globalinfo.az