Ekoloqdan maraqlı təklif – Tullantılardan qurtulmağın yolları açıqlandı

Ekoloqdan maraqlı təklif - Tullantılardan qurtulmağın yolları açıqlandı

Dünyanın üz-üzə qaldığı ekoloji fəlakətin miqyası getdikcə artır. Bu təhlükəmi önləmək üçün görülən tədbirlərdən biri də tullantıların yenidən emalıdır. Xüsusilə iri şəhərlərdə ekoloji təmizliyin qorunması ilə bağlı ciddi problemlər yaranır. Tullantılar konkret bir əraziyə toplanır, bu da hava kirliliyi, ətraf ərazilərdə xəstəliklərin yayılmasına səbəb olur.

Hətta idarə olunmayan tullantı kütlələrinin iqlim dəyişikliyinə mənfi təsir etdiyi də bildirilir. Azərbaycanda da zaman-zaman ekoloji təmizliklə bağlı problemlər müşahidə olunur. Həmçinin ölkəmizdə son illərdə tullantıların yenidən emalına təşviq üçün bir sıra layihə və tədbirlər həyata keçirilir.

Bəs tullantıların azaldılması, ekoloji təmizliyin təmin olunması istiqamətində daha hansı effektiv tədbirlər görülməlidir?

Globalinfo.az-a danışan AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev deyib ki, bununla bağlı tədbir görülməlidir.

Onun sözlərinə görə, başqa ölkələrdə tullantıların idarə olunması praktikası mövcuddur:

Ekoloqdan maraqlı təklif - Tullantılardan qurtulmağın yolları açıqlandı

Ənvər Əliyev

“Biz bu gün yeni nəsə edə bilmərik. Lakin müxtəlif variantlar var. Sonuncu dəfə səfərdə olduğum Kanadada nə zibil yeşikləri gördüm, nə də tullantı. Bina sakinləri də məişət tullantılarını binada olan ümumi boru vasitəsilə atırlar. Artıq o zibil hara gedir, necə edirlər bilinmir. Hətta həmin binalarda qəti pis qoxu yoxdur. Norveç və Kanada kimi ölkələrdə sellofan torbalar yalnız zibil atmaq üçündür. Hətta həftə sonları piknik edən şəxslərə də gətirib o torbalardan paylayırlar ki, ətraf mühiti çirkləndirməsinlər”.

Ekoloqun fikrincə, tullantıların azaldılması üçün ən mühüm məsələ karton materiallarının ikinci dəfə istifadəyə buraxılmasıdır:

“Bilməliyik ki, hər bir qutunun hazırlanmasında hansısa ağacdan istifadə olunub. Bilirsiniz, Bakı onsuz da acınacaqlı vəziyyətdədir, yaşıllıq azdır. Ağaclara qulluq edilmir, parklarda otların üstündə futbol oynayırlar. İrad bildirən olanda deyirlər ki, stadion yoxdur, harada oynayaq?! Buna görə də, münasibət sistemi dəyişməli, cərimələr ciddiləşməlidir. Aidiyyəti quruma ağacları kəsməyi yox, amma budamağı təklif edirik. Bunların hamısı paytaxtın ekoloji problemlərinin bir hissəsidir”.

Zaira Akifqızı
Globalinfo.az