Ermənistan Baş naziri Nikol Paşinyan son brifinqində separatçı Ruben Vardanyanla bağlı açıqlaması ilə Bakının mövqeyini birbaşa dəstəklədi. Belə ki, Paşinyan Vardanyanın Rusiya vətəndaşı olduğunu və anidən bundan imtina edib Qarabağa getdiyini deyərək, arxasında hansısa qüvvənin olmasına işarə edib.
Bəzi ekspertlər bildirir ki, Paşinyan bununla Azərbaycan Prezidenti İlham Əliyevin Vardanyan haqqında fikrini təkrarlayıb.
Globalinfo.az-a danışan politoloq Telman Nüsrətoğlu deyib ki, R.Vardanyan layihə idi və hədəfi N.Paşinyanı iqtidardan devirmək idi:
“Rusiya Ermənistan daxilində onu ön plana çıxarmağı planlaşdırırdı. Bunun üçün isə ilk növbədə nüfuz qazanmasını istəyirdi. Yəni o, Qarabağa siyasi prestij qazanmağa gəlmişdi. İstədiyi nüfuzu əldə etdikdən sonra Ermənistana keçməli, burada Paşinyana qarşı mübarizəyə başlamalı idi. Lakin Azərbaycanın sərgilədiyi qətiyyətli mövqe ona imkan vermədi. Yəni rəsmi Bakının Ruben Vardanyanı həbs etməsi ilə onun həm separatçı fəaliyyətləri, həm də Ermənistanda Paşinyanı devirib iqtidara gəlmək planı çürüdü.
Telman Nüsrətoğlu
Bu gün onu qorumaq adı ilə Bakıya təzyiq etmək istəyən qruplar var. Başda erməni diasporu olmaqla Qərbdən dəstək alan bəzi təşkilatlar Vardanyanı məzlum, yazıq kimi göstərək Azərbaycana təzyiq etməyə çalışır. İndiki məqamda N.Paşinyan Vardanyana görə ona yaranacaq ehtimal təzyiqləri ortadan qaldırmağa çalışır. Onunla bağlı dediyi son ifadələr də məhz buna xidmət edir”.
Qeyd edək ki, Ruben Vardanyan 2023-cü il sentyabrın 27-si Qarabağda saxlanılaraq Bakıya gətirilib.
Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur.
Turan Rzayev
Globalinfo.az