İlk dəfə deputat seçilən partiya sədrləri danışdı – Nə planlaşdırırlar?

İlk dəfə deputat seçilən partiya sədrləri danışdı – Nə planlaşdırırlar?

Dünən – sentyabrın 1-də baş tutan növbədənkənar parlament seçkilərinin nəticələri açıqlandı və bu siyahıda sürpriz adların da yer aldığının şahidi olduq.

Belə ki, yeni simalar, yeni partiyalar da qaliblər sırasındadırlar. Onların içərisində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin də adları var. Xatırladaq ki, AMİP Azərbaycan Respublikasının Milli Məclisində I və II çağırışlarda təmsil olunub. Vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasının sabiq baş katibi və təşkilati məsələlər üzrə sabiq katibi olan Elşad Musayev də öz növbəsində 1995-ci il parlament seçkilərində – yəni I çağırış, 18 fevral 1996-cı il tarixli təkrar parlament seçkisində, Milli Məclisin II çağırışında deputatlığa namizədliyini versə də qələbə qazana bilməyib.

BAP-ın sədri kimi də bir neçə dəfə deputatlığa namizədliyini verib. Lakin bu da uğurlu alınmayıb. Digər tərəfdən Elşad Musayevin adı prezident seçkilərindən də tanışdır. Belə ki, o, 2003-cü il prezident seçkilərində, eyni zamanda 7 fevral 2024-cü il tarixinə Azərbaycanda növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürüb. Nəhayət, 1 sentyabr növbədənkənar parlament seçkilərində hər iki sima uğur əldə edib.

Globalinfo.az ilk dəfə deputat seçilən partiya sədrlərinin gələcək fəaliyyət planlarının nədən ibarət olduğunu araşdırıb:

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib ki, qanunvericiliyə görə, seçkilərdə qalib gələnlərin Milli Məclis üzvü olduqları hələ təsdiq edilməyib:

“Deputatın fəaliyyəti iki istiqamətdən ibarət olmalıdır:

1.Milli Məclisdə qanun yaradıcılığı ilə məşğul olduğu ölkənin siyasi həyatı ilə;

2.Seçildiyi dairənin əhalisinin problemi, ərazisi ilə bağlı.

İlk dəfə deputat seçilən partiya sədrləri danışdı – Nə planlaşdırırlar?

Hər iki istiqamətdə fəaliyyətimizi planlaşdırmışıq. Seçki ərəfəsində, təbliğat-təşviqat prosesi çərçivəsində plan-proqramımızı, hansı istiqamətdə addımlar atacağımızı seçicilərimizə təqdim etmişik. Elə bu istiqamətlərdə lazımi işlər görüləcək”.

Azərbaycan Milli İstiqlal Partiyası sədri Arzuxan Əlizadə isə qeyd edib ki, seçki kampaniyasına qoşularkən qarşıya bir sıra hədəflər qoyulmuşdu:

“Bu hədəflərə çatmaq üçün ilk növbədə seçkilərdə uğur qazanmaq lazım idi. Komanda olaraq uğurlu kampaniya keçirə bildik. Qanunvericiliyə müvafiq olaraq ayrılmış müddət ərzində geniş tərkibli görüşlər keçirdik. Seçicilərlə görüş, təmaslar çərçivəsində onları narahat edən problemləri öyrəndik, təklifləri eşitdik. Fəaliyyətimiz müddətində bu amillər də nəzərə alınacaq. Müxtəlif sahələr üzrə hədəflərimiz kifayət qədər genişdir. Təkliflər paketimiz var. Hər bir halda xalqın, dövlətin yanında olacağıq. Onlara töhfə verəcək fəaliyyət sərgiləyəcəyik”.

Safura Bənnayeva
Globalinfo.az