
“Telegram”ın həmtəsisçisi və baş direktoru Pavel Durovun sərbəst buraxılması ən azı həbsi qədər müəmmalıdır”.
Bu sözləri Globalinfo.az-a politoloq Turab Rzayev deyib.
O, Durovun sərbəst buraxılması ilə bağlı üç əsas versiyanın olduğunu bildirib:
“Birincisi, Fransa xüsusi xidməti orqanlarının Pavel Durovdan istədikləri məlumatları ala bilmələri mümkündür. Aydın məsələdir ki, bu günə qədər Fransa Durovdan istədiyi informasiyaları əldə edə bilmirdi. Onun həbsi üçün bir əsas da yox idi. Lakin Paris belə bir əsasın əldə edilməsinə nail oldu və Durova qarşı istifadə etdi.
İkincisi, mümkündür ki, “Telegram”ın rəhbərinin həbsdən azad edilməsində Rusiyanın Fransaya təzyiqlərinin təsiri olub. Hadisədən dərhal sonra rəsmi Moskva Parisə nota verdi və Durovun sərbəst buraxılmasını tələb etdi.
Üçüncüsü, Rusiya və Fransa hər nə qədər Ukrayna məsələsində qarşı-qarşıya gəlsə də, Parislə Moskva arasında münasibətlər, əməkdaşlıq var. Yəni mümkündür ki, tərəflər razılaşıb və Pavel Durov beləcə azadlığa buraxılıb”.
Qeyd edək ki, ötən gün Fransada keçirilən məhkəmədə istintaq hakimi “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durov barəsində ittiham irəli sürüb. O, məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Turan Rzayev
Globalinfo.az














