“Bayramovun Hakan Fidanla müzakirə etdiyi gündəlik genişdir. İlk növbədə xarici işlər nazirinin Ankara səfəri son dövrlər Azərbaycan və Türkiyə arasında soyuqluğun olduğuna dair yaradılan görüntü fonunda əhəmiyyətlidir”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə işgüzar səfəri və həmkarı Hakan Fidanla görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın yanğınlarla bağlı Türkiyəyə dəstəyi, Ərdoğanla Əliyevin telefon söhbəti və bunun məhz Putinin Bakı səfərindən öncə olması, indi də Bayramovun Fidanla görüşü qardaş ölkələr arasında heç də iddia edildiyi kimi böyük soyuqluğun olmadığını təsdiq edir:
“Belə soyuqluğun mövcudluğunda maraqlı olan tərəflərə açıq mesaj verilir. İki ölkənin regional və qlobal gündəliyinə gəldikdə, burada iki mühüm məsələ ön plana çıxır.
Birincisi, Putinin Bakı səfəri və Rusiyanın Cənubi Qafqazla bağlı planlarıdır. Mümkündür ki, Putin Bakıda Əliyevlə regiona dair yeni ideyalarını müzakirə edib. Bu, xüsusilə kommunikasiyaların açılması, Zəngəzur dəhlizi layihəsinin perspektivləri ilə bağlı ola bilər. Putin Paşinyana telefon zəngində də bu məsələlərə toxundu. Bakının strateji müttəfiqliyə uyğun olaraq bütün bunları Ankara ilə müzakirə etməsi gözlənilən idi. Görünür, regionun gələcəyi ilə bağlı gündəlik genişdir.
Asif Nərimanlı
İkincisi, Azərbaycan və Türkiyə BRİKS-ə qoşulmaq üçün müraciət edib. Mümkündür ki, Bakı və Ankara BRİKS siyasətini eyniləşdirir, iki ölkənin birgə hərəkət etmək planlarını müzakirə edir.
Bunlarla yanaşı, hazırda Yaxın Şərqdən Şərqi Avropaya qədər uzanan coğrafiyada baş verənlər Azərbaycan və Türkiyənin gündəliyinə daxildir”.
Turan Rzayev
Globalinfo.az