Qafqazda ölüm-dirim savaşı başladı: Qonşu ölkə ermənilərin əli ilə “vurula” bilər

Qafqazda ölüm-dirim savaşı başladı: Qonşu ölkə ermənilərin əli ilə "vurula" bilər

Avrasiya Analitika Klubunun rəhbəri Nikita Mendkoviçin son açıqlamaları müzakirələrə səbəb olub. O bildirib ki, ABŞ öz agenturası və QHT-ləri ilə Gürcüstandakı seçkinin nəticəsini dəyişməyə, bununla da Rusiya ilə sərhəddə destabilizasiyanın yaranmasına çalışır.

N.Mendkoviçin sözlərinə görə, son 1 ildə Vaşinqton hər yolla QHT hərəkatlarını, onların iştirakı ilə keçirilən etiraz aksiyalarını dəstəkləyir. O, Qərbin Gürcüstanı Rusiyaya qarşı müharibəyə cəlb etmək istədiyini deyib. Bunun üçün hakim partiyanın qərbyönlü, yeni anti-Rusiya cəbhəsi üçün plasdarm yaradacaq qüvvə ilə əvəz etmək lazım olduğunu vurğulayıb.

Bəzi ekspertlərin fikrincə, Rusiya və ABŞ-ın Gürcüstan uğurunda ölüm-dirim savaşı Cənubi Qafqaza yaxşı bir şey vəd etmir. Payızdakı seçkilərdə qonşu ölkədə ciddi destablizasiya gözlənir. Rusiya Xarici Kəşfiyyat Xidmətinin son iki ayda ikinci dəfə Vaşinqtonun Tbilisidə rəngli inqilab hazırladığına dair xəbərdarlığı bu baxımdan diqqət çəkir.

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Gürcüstandakı parlament seçkiləri Rusiya ilə ABŞ-ın maraqlarını güdən qüvvələrin kəskin ictimai fikir toqquşmalarına girməsi və ölkədə iğtişaşlar səhnəsinin əks etdirilməsinə dair ehtimalları qüvvətləndirir:

“Moskva ilə Qərbin prosesləri necə etiketləyəcəyi və buradan yola çıxaraq hansı qərarlar verəcəyi Gürcüstanın taleyini təhlükəli səmtlərə doğru yaxınlaşdırır. Rusiyanın Gürcüstanla bağlı oynayacağı separatizm kartı Tbilisinin gündəliyindəki Qərbə inteqrasiya meyillərini zəiflədir. Üstəlik, Gürcüstanda Rusiyanın təyin etdiyi “canişin”, milyarder Bidzina İvanaşvili ölkədə Kremlin əməliyyatlarının fərqli metodlarla təkrarlama ssenarilərinin baş icraçısıdır.  Bir sözlə, parlament seçkiləri Gürcüstanın Qərbə, yoxsa Rusiyaya yaxınlaşdırılmasını müəyyən edəcək faktordur. Mümkündür ki, Moskva əlinə aldığı alətləri fürsət kimi qiymətləndirəcək.

Rusiya seçkiləri İvanaşvili vasitəsilə Gürcüstanın geosiyasi seçiminin Kremlə doğru kəskin dəyişməsinə səbəb olacaq sxemi çoxdan qurub. ABŞ isə regionda Rusiya ilə birbaşa qarşıdurma xəttinə girmək potensialında olmadığından, NATO-ya üzv müttəfiqlərindən dəstək gözləntilərini ifadə edir”.

Qafqazda ölüm-dirim savaşı başladı: Qonşu ölkə ermənilərin əli ilə "vurula" bilər
Aqşin Kərimov

Ekspertin sözlərinə görə, Qərbin Cənubi Qafqazda əsas fiqur kimi oynayacağı daşlardan biri Ermənistandır:

“Çünki Gürcüstanın tamamilə əlindən qopub Rusiyanın dəliyinə düşə biləcəyini ehtimal edən Qərb, regionda alternativ ölkə üzərindən maraqlarını qurmağa çalışır. Qərbin Ermənistanı Azərbaycanla eskalasiyaya təhrik etmək planının əks-sədasını iki ölkə sərhədindəki insidentlərlə görünəbilən müşahidə obyekti kimi təsvir edə bilərik. İkinci daş regional təhlükənin miqyasını daha da böyüdür. Bu, Gürcüstanda vaxtı ilə Rusiyanın formalaşdırdığı erməni icmasının separatçılıq hərəkatının canlanacağı ilə əlaqəlidir. Bu, əslində həm Rusiyanın, həm də Qərbin bir-birlərinə qarşı maraqlarını təcrid etməkdən ötrü oynayacağı kartdır.

Lakin mən hələlik prosesin əməli müstəvidə bu həddə çatacağını proqnozlaşdıra bilmirəm. Çünki, bu plan olsa da, onun aktiv fazası üçün şərait yetişməyib. Qərblə Rusiyanın rəqabətində birinin məğlubiyyətini qaçılmaz edən tendensiya müşahidə olunarsa, tərəflərin geosiyasi ambisiyaları məhdudlaşdırıcı element kimi istifadə edə biləcəyi ən böyük kart Şimali Qafqazdakı təhlükəsizlik və terrorizm problemləridir. Bu, hər iki tərəfin idarə edə biləcəyi münaqişə səviyyəsi olsa da, prosesdə ən çox hansının maraqlı olduğunu təhlil etməkdə fayda var”.

A.Kərimov qeyd edib ki, Rusiya Gürcüstan üzərindən geosiyasi alətlər qutusunu doldurmağa doğru mühüm nəticələrə sahiblənib:

“Buna görə də onun Şimali Qafqazdakı təhlükəli məramlarda maraqlı olduğunu göstərən nişanələr bir qədər silinib. Üstəlik, Rusiyanın Ukraynada apardığı hərbi hücum kampaniyasında üzləşdiyi çətinliklər Şimali Qafqaz oxunu da tərpətdiyindən Moskva əlavə problemli səmtə doğru getməkdə maraqlı deyil.

Deməli, Şimali Qafqazdakı prosesləri tətikləmək və onu Gürcüstanın dərinliklərinə doğru irəlilətmək Rusiyanın maraqlarını sarsıtmaq baxımından Qərbə sərfəli variant kimi görünə bilər”.

Turan Rzayev
Globalinfo.az