Avqustun 22-də sabiq deputat Hüseyn Abdullayevin (“Quska”) anası Zeynəb Abdullayeva məhkəmədə hakimdən oğlunun müalicəsi üçün şərait yaratmasını xahiş edib. Hakim Azər Tağıyev isə anaya əlindən gələn hər şeyi edəcəyinə söz verib.
Sitat: “Heç nədən narahat olmayın, əlimdən gələni edəcəyəm. Mən özüm də maraqlıyam ki, şəxs sağlam mühakimə edilsin. Sizə söz verirəm, oğlunuzu sap-sağlam edəcəyəm”.
Hakimin söz verməsi müzakirələrə səbəb olub. Çoxları bunun sadəcə, təsəlli olduğunu düşünür.
Görəsən, bu məsələ öncədən razılaşdırılıb, yoxsa hakimin öz təşəbbüsüdür? Onun anaya söz verməsi nədən irəli gəlir?
Çoxlarını eyni sual düşündürür: Hakim sözünü tuta biləcəkmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu hakimin sözünə əməl etməsinə inanmaq istədiyini bildirib. O, bu günə qədər kifayət qədər qanunsuz məhkəmələrin şahidi olduğunu qeyd edib:
Novella Cəfəroğlu
“O qədər olub ki, hakimlər söz veriblər, amma birini belə yerinə yetirməyiblər. Ona görə də çox istərdim ki, hakim sözünə əməl etsin. Amma bir məsələ var ki, bu, təsəlli də ola bilər. “Quska” sıradan bir adam deyil. Deputat olub. Ümid edirəm ki, hakim sözünün üzərinə dayanacaq”.
Novella Cəfəroğlu sabiq millət vəkilinin azadlığa buraxılmalı olduğunu deyib:
“Hüquq müdafiəçisi olaraq hesab edirəm ki, Hüseyn Abdullayev cəzasını çəkmişdi. İkinci dəfə iş qaldırmaq, kimisə şahid qismində gətirib onun üzünə durdurmaq və s. düzgün hərəkət deyil. Hər kəs bilir ki, “Quska” ömür boyu həm Heydər Əliyevə, həm də İlham Əliyevə sevərək xidmət edib. Çox sadiq insan olub. Ona ikinci dəfə əziyyət vermək, anasını üzmək yersizdir. Hüseyn bəyin vəkilləri deyirlər ki, ortada sübut olmadan cinayət işi başladıblar. Bu, düzgün hərəkət deyil. Adam cəzasını çəkib, sağlamlığında da problem var. Cəzası bitən adamı təkrar saxlamaq nə deməkdir?!”.
Zaira Akifqızı
Globalinfo.az