“Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Ölkəmiz bu müqavilələrlə əməkdaşlıq arealını daha da genişləndirdi”.
Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.
Onun sözlərinə görə, Azərbaycan xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur:
“Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Həmçinin 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib.
23 avqust 2024-cü il. Prezident İlham Əliyevin Özbəkistanda rəsmi qarşılanma mərasimi olub
Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şövkət Mirziyayev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəbin inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlər yekunlaşıb.
44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar Azərbaycan-Özbəkistan əlaqələrinə təsirsiz ötüşməyib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olması, həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi bu təsirin bariz nümunələrindəndir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib. Bu dinamika İlham Əliyevin “ailəmiz Türk dünyasıdır” devizinin praktikaya təcəssümünün növbəti təntənəsidir”.
Ekspert deyib ki, mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir:
Züriyə Qarayeva
“Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək.
Beləliklə, eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün inkişafının zirvə dövrünü yaşamaqda, hər iki ölkənin həm regionda, həm də beynəlxalq arenada nüfuzu sürətlə artmaqdadır. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Xüsusilə ticarət və Orta Dəhliz boyunca infrastrukturun inkişafı, Mərkəzi Asiya və Qafqaz arasında əlaqəni artırmaq Türk Dünyasının inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir ki, bu istiqamətdə Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı da bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir”.
Turan Rzayev
Globalinfo.az














