Kərbəla ziyarətində olan zəvvarlarımızdan ikisinin vəfat etdikdən sonra İraqda dəfn olunması müzakirələrə səbəb olub.
İslam dinində Kərbəla ziyarəti zamanı dünyasını dəyişən şəxsin məhz həmin ərazidə dəfn edilməsi ilə bağlı hökm varmı?
Mövzunu Globalinfo.az-a şərh edən Yaxın Şərq məsələləri üzrə ekspert Kənan Rövşənoğlu belə bir hökmün olmadığını bildirib.
Onun sözlərinə görə, dəfn məsələsi istəyə bağlıdır:
“Dində zəvvarın vəfat etdiyi yerdə dəfn olunması ilə bağlı hökm yoxdur. Adətən insanlar öz istəkləri ilə müqəddəs torpaqda dəfn olunurlar. Öz ölkəsində dəfn olunmaq istəyənləri isə vətəninə gətirirlər. Amma əksər insanlar ziyarətdə dünyasını dəyişibsə, elə orada dəfn olunur. Həcc və ya Kərbəla ziyarətində dünyasını dəyişənlər yalnız istəklə bağlı orada dəfn edilirlər”.
İlahiyyatçı Ağa Hacıbəyli də deyib ki, insan vəfat etdiyi yerdə dəfn oluna bilər:
“Bir problem var ki, həmin adamların ailələri, doğmaları onları hər dəfə ziyarət edə bilməyəcəklər. Bir insanın müqəddəs yerdə dəfn olunması fəzilət deyil. Çoxu düşünür ki, insan Məkkədə, Kərbəlada vəfat edibsə, günahları bağışlanır. Bu, tamamilə yanlış düşüncədir. Adam lap Peyğəmbərimizin qəbrinin yanında dəfn olunsa da, günahı varsa, qəbir əzabından xilas ola bilməyəcək. İnsan müqəddəs yerdə vəfat edibsə, mütləq cənnətlik olacaq deyə bir qanun yoxdur”.
Zaira Akifqızı
Globalinfo.az