Zahid Oruc şəhid Eldar Əliyevin ailəsini ziyarət edib, Əhmədli 3 küçəsində seçicilərlə söhbətləşib.
Globalinfo.az-ın xəbərinə görə, Zahid Oruc bildirib ki, Eldar Əliyevin həyat yolunu araşdıranda onunla hər kəs qürur duyur. Ali təhsilli, xarici dilləri bilən savadlı bir gəncin vətənpərvərlik ideallarının bu xalqın bütövlüyündə mühüm bir salnamə olduğunu qeyd edən natiq Eldar kimi bir oğul böyütdüyü üçün atası Süleyman Əliyevə minnətdarlıq etdi.
Bəzən bizim nəslin tənqid edib “Feysbuk nəsli”, “Tvitter və rəqəmsal uşaqlar” adlandırdığı gənclər Ali Baş Komandanın əmri ilə torpaqlarımız uğrunda canını fəda edərək misilsiz tarix yazdılar.
Şəhid Eldar Əliyevin atası Süleyman Əliyev Zahid Orucu daim aktiv millət vəkili kimi tanıdıqlarını bildirərək seçkilərdə həm özünün, həm də ərazi sakinlərinin ona səs verəcəyini vurğuladı.
Süleyman Əliyev söylədi ki, savadına, intellektinə görə yoldaşlarından fərqlənən Eldar, 2012-ci ildə təhsil aldığı universitetdə fakültələrarası “Nə? Harada? Nə zaman?” yarışında birinci yeri tutub. Ardınca “Breyn rinq” intellektual oyununda da eyni nəticəni təkrarlayıb. “Gənclər fondu”nun təşkil etdiyi “Tələbələrarası I iqtisadi biliklər olimpiadası”nın final mərhələsində də uğurlu mübarizə aparıb.
Eldarın şahmat, riyaziyyat və müharibə-strategiya oyunlarına böyük marağı var idi.
Napoleon haqqında araşdırmağı, oxumağı çox sevdiyi üçün dostları arasında “Napo” ləqəbi ilə çağrılırdı. 2015-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra hərbi xidmətə çağırılan Eldar, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda motoatıcı hərbi hissəsində pulemyotçu-atıcı olaraq xidmət edib.
İkinci Qarabağ müharibəsinə Eldar da cəbhəyə könüllü olaraq yollanıb. O, Füzuli, Hadrut və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 13 oktyabr tarixində Füzuli rayonu döyüşlərində qəhrəmanca şəhid olub.
18 Oktyabr tarixində Bakı şəhərində, Əhmədli qəsəbəsi qəbristanlığında dəfn olunub. Eldarın dayısı Əbilov Əfsər də Birinci Qarabağ Müharibəsində şəhid olub və Şəhidlər Xiyabanında dəfn olunub.
Sakinlərdən tarix elmləri doktoru, professor Vəfa Mahmudova Zahid Oruca səs verəcəklərini söyləyib.