Kurska hücum Zelenskinin faciəvi səhvi elan edildi – “Moskvaya bu lazım idi”

Kurska hücum Zelenskinin faciəvi səhvi elan edildi – “Moskvaya bu lazım idi”

Dünyanın aparıcı analitikləri, beynəlxalq media Ukraynanın Kurska girməsini “faciəvi səhv” adlandırır, rəsmi Moskva tərəfindən cavabın ağır olacağını düşünürlər. Bir müddət əvvəl ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder açıqlamasında qeyd etmişdi ki, Rusiya bütün gücü ilə Ukraynanın əməliyyatına cavab verməyə çalışır.

Mövzunu Globalinfo.az-a şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, bəzən eskalasiyada maraqlı olan ölkələr gərginlik yaşadığı tərəfin hər hansı addım atmasını istəyir, çünki bu onların maraqlarına xidmət edir:

“Yaxın Şərqdə baş verən proseslərdə, Rusiya-Ukrayna müharibəsində də bunun şahidi oluruq. 2022-ci ilin fevral ayında Rusiya Ukrayna ərazisinə hücum edib, ard-arda böyük əraziləri öz nəzarətinə götürmüşdü. Rəsmi Kiyevin Kurska hücumuna qədər bütün dünya Rusiyanın Ukraynada mülki insanlara, şəhərlərə, yaşayış məskənlərinə qarşı hücumlarını qəti şəkildə pisləyirdi. Sanki Ukrayna da bu addımı ilə Kremlin hərəkətini təkrarladı.

Kurska hücum Zelenskinin faciəvi səhvi elan edildi – “Moskvaya bu lazım idi”

Xəyal Bəşirov

Doğrudur, bunu fərqli istiqamətdə – Rusiyanı geri oturtmaq, diqqətini yayındırmaq taktikasını işlətdiyini düşünürlər. Bunun əslində döyüş meydanındakından daha çox, siyasi nəticələri var. Yəni Rusiya artıq açıq şəkildə deyə bilər ki, Rusiyanın Ukrayna ərazisinə girdiyi kimi Ukrayna da Kurska daxil olub. Rusiyanın ərazisi 17.1milyon kvadrat kilometrdir. Bunun müqabilində Ukraynanın hücum etdiyi ərazilər ümumi sahə ilə müqayisədə zərrə formasındadır”.

Politoloqun sözlərinə görə, bir çox ekspertlər verilən “F-16”-larla Ukraynanın Donetsk, Luqansk, Krım və digər ərazilərdə olan Rusiya hədəflərini vuracağını düşünürdülər:

“Lakin Kiyev manevr etmək istədiyi üçün Kurska girdi. Müharibə taktikası baxımından öz hədəflərinə nail oldu. Rusiya bu addımları siyasi və hərbi kontekstdən cavabsız qoymayacaq. Rusiya dövlət başçısı Vladimir Putinin atdığı addımlardan da görünür ki, o, bu hücumu əvvəldən gözləyirmiş. Kremlin danışıqlardan imtina etməsi prosesin onun xeyrinə olduğunu göstərir”.

Safura Bənnayeva
Globalinfo.az