Ermənistanın keçmiş XİN rəhbəri Vardan Oskanyan xarici ölkə rəsmiləri ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
V.Oskanyanın Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Avropanın müxtəlif siyasi xadimləri ilə görüşlərdən sonra bu dəfə İsveçrəyə səfər etdiyi bildirilir. Onun digər xarici ölkələrdə bir sıra “rəsmi” müzakirələr həyata keçirdiyi qeyd olunur.
Məlumata görə, Oskanyan bu görüşlərə keçmiş qondarma rejimin yanvarda Ermənistanda yaradılmış “beynəlxalq komitəsinin koordinatoru” adı ilə qatılıb. Hazırda İrəvanda olan digər separatçıların müzakirələrin nəticəsini öyrənmək üçün Oskanyanla görüşü gözlədikləri deyilir.
Nəşr yazır ki, separatçılar “artsax xalqı”nın hüquqlarının qorunması və təmin edilməsi” mövzusunda müzakirə aparıblar. Həmçinin onların Qarabağa qayıdış imkanları dəyərləndirilib:
“Oskanyanın keçirdiyi görüşlər nəticəsində ermənilərin Qarabağa qayıdışının mümkün olub-olmadığı dəqiqləşdiriləcək”.
Separatçıların bu istiqamətdə cəhdlərinin uğurlu nəticə verəcəyi, yoxsa boşa çıxacağını öyrənməyə çalışdıqları bildirilir.
Ayşən Mustafa
Globalinfo.az