Rusiya Prezidenti Vladimir Putinin Bakıda Prezident İlham Əliyevlə müzakirə etdiyi əsas mövzulardan biri Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi oldu. Liderlər mətbuata bəyanatlarında, bu layihənin dövlətlərarası münasibətlərdə müstəsna əhəmiyyətə malik olduğunu bildiriblər.
Azərbaycan Prezidenti qeyd edib ki, ölkə ərazisində Şimal-Cənub Dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, bu layihə əvvəldən Azərbaycanın diqqətini çəkib:
“Bakı vaxtında “Şimal-Cənub” layihəsini düzgün qiymətləndirərək onun bizə aid olan seqmentini tam qurdu. Söhbət həm avtomobil, həm də dəmiryol hissəsindən gedir. Azərbaycan hətta bununla da kifayətlənməyərək dəmiryol hissəsini müasirləşdirir. Hazırda Rusiyanın Asiya bazarlarına çıxışı məhz bu dəhliz vasitəsilədir. Moskva isə ən çox dəhlizin Azərbaycana düşən hissəsindən istifadə edir. Hansı ki, bu hissə ildə 150 milyon ton və daha artıq yük daşıma qabiliyyətinə malikdir.
Növbəti mərhələ İranındır. Tehran bu yolu müasirləşdirməli və Hindistanın layihəyə çıxışını təmin etməlidir. Mərhum prezident İbrahim Rəisinin hökuməti bunda maraqlı idi. Məsud Pezeşkianın da eyni yolla gedəcəyi şübhə doğurmur. Hazırda Asiya bazarları, xüsusilə də Hindistan uğrunda Qərb ölkələri və Rusiya arasında kəskin rəqabət gedir. Gələn ay Hindistanın Baş naziri Narendra Modinin Avropaya səfəri gözlənilir”.

Zeynal Əmrəliyev
Ekspert deyib ki, son zamanlar ABŞ-dan Hindistana yüksək səviyyəli səfərlər müşahidə olunur:
“Co Bayden administrasiyası Çinin qarşısını almaq üçün Hindistana maksimum dəstəyin verilməsinə çalışır. Vladimir Putinin niyyəti isə Dehlini Qərb dünyası ilə yaxınlaşmamış yola gətirməkdir. Bu layihədə açar ölkə Azərbaycandır. Çünki əsas hissə məhz ölkəmizin ərazisindən keçir. Məlum olduğu kimi, Ukraynadakı müharibə səbəbindən hazırda Rusiya çox ağır iqtisadi sanksiyaların altındadır. Ona görə bu dəhliz Moskva üçün nəfəslik rolunu oynayır. Layihəyə Ermənistan da cəlb edilib, ancaq Bakıdan fərqli olaraq İrəvan hələ də yolların tikintisinə başlamayıb.
Azərbaycanla əməkdaşlıq etmək Rusiya üçün daha əlverişlidir. Çünki etibarlı tərəfdaşdır və qarşı tərəfi heç bir çətinə salmır. “Şimal-Cənub” layihəsi Azərbaycan üçün də çox sərfəli marşrutdur. Bu bizim tranzit ölkə kimi əhəmiyyətimizi artırmaqla yanaşı, Asiya ölkələri ilə güclü iqtisadi əlaqələr qurmağımıza da kömək edəcək”.
Turan Rzayev
Globalinfo.az














