Müxalifət Heydər Əliyevi belə xatırlayır – Partiya sədrlərindən tarixi açıqlamalar

Müxalifət Heydər Əliyevi belə xatırlayır – Partiya sədrlərindən tarixi açıqlamalar

Bu gün Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin vəfatından 19 il ötür. Maraqlıdır, görəsən aradan keçən 19 ilin ardınca Azərbaycan müxalifəti onu necə xatırlayır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib ki, Heydər Əliyev çağdaş Azərbaycan tarixinin önəmli simalarından biridir:

“Müstəqil Azərbaycanın formalaşmasında onun xüsusi xidmətləri var. Onun xatirəsini bu gün ehtiramla anırıq. Bizim yanaşmamız da bu kontekstdədir.

Baxmayaraq ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonrakı dövlərdə biz müxalifətdə olmuşuq, fərqli baxışlarımız olub. Bununla belə, etiraf etmək lazımdır ki, Azərbaycan müstəqilliyinin qorunub saxlanılmasında, iqtisadiyyatın inkişaf etdirilməsində, “Əsrin müqaviləsi”nin imzalanmasında onun müstəsna xidmətləri olub. Buna görə də Heydər Əliyevin xatirəsi ehtiramla yad edilməlidir”.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev qeyd edib ki, Heydər Əliyev Azərbaycan tarixində çox mühüm rol oynayan dövlət xadimidir:

“O, SSRİ Nazirlər Sovetinin birinci müavini olaraq çalışıb. 1987-ci ildə Heydər Əliyev Sovet İttifaqının birinci katibi Mixayıl Qorbaçovun təkidləri nəticəsində istefa vermək məcburiyyətində qalıb. M.Qorbaçov o qədər də dərin zəkaya sahib bir insan deyildi və buna görə də H.Əliyev kimi nüfuzlu şəxslərdən ehtiyat edirdi. Xüsusilə onu özü üçün rəqib görürdü.

Heydər Əliyev eks-prezident Əbülfəz Elçibəyin dəvəti ilə Azərbaycana gəldi. O, məhz qarışıq, gərgin bir dövrdə məsuliyyəti üzərinə götürdü. Onun böyük siyasi idarəetmə təcrübəsi Azərbaycanı çətin, qarışıq dövrdən çıxara bildi.

Onun böyük xidmətlərindən biri də şübhəsiz “Əsrin müqaviləsi”ni imzalaması idi. Bu gün də biz bu müqavilənin faydasını görürük.

Allah ona rəhmət eləsin”.

Müxalifət Heydər Əliyevi belə xatırlayır – Partiya sədrlərindən tarixi açıqlamalar

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə, 20-ci əsrin nəhəng simalarından biri haqqında qısa fikir demək çətindir:

“Heydər Əliyev Azərbaycan üçün böyük xidmətləri olmuş tarixi şəxsiyyətdir. O, təkcə ölkəmizdə deyil, həmçinin bütün dünyada tanınan siyasətçi idi. Mərhum prezidentin haqqında qısa nəsə demək çox çətindir. Hesab edirəm, bu mövzu saatlarla, hətta günlərlə müzakirə edilə bilər. Bu gün onun anım günüdür. Bütün xalq onu böyük sevgi ilə xatırlayır”.

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev deyib ki, Heydər Əliyevin qurduğu partiya bu gün Azərbaycanda iqtidardır:

“Bu gün iqtidar ilə müxalifət arasında ciddi bir istiləşmə hiss olunur. Biz iqtidar partiyası YAP-a və sədri İlham Əliyevə hörmətlə yanaşırıq. Mərhum prezident Heydər Əliyevi də hörmətlə yad edirik. Heydər Əliyevin Azərbaycan üçün etdikləri danılmazdır və bu xidmətlərin miqyası zaman keçdikcə daha dərindən anlaşılır”.

Müxalifət Heydər Əliyevi belə xatırlayır – Partiya sədrlərindən tarixi açıqlamalar

AĞ Partiyanın sədri Tural Abbaslı isə qeyd edib ki, partiya olaraq siyasətdə düşmənçiliyin, təhqirin əleyhinədirlər:

“Biz sivil mübarizənin tərəfdarıyıq. Heydər Əliyev də Azərbaycan tarixində istər SSRİ dövründə, istərsə də müstəqillik dövründə öz rolu olan şəxsdir. Kim necə istəyirsə, onu elə dəyərləndirə bilər. Kimisi onu tənqid edir, kimisi bəyənir. Fikirlər fərqlidir.

Biz milli-mənəvi dəyərlərə istinad edərək daha loyal olmağın tərəfdarıyıq. İstər eks-prezidentlər Ayaz Mütəllibov, istər Əbülfəz Elçibəy, istərsə də Heydər Əliyev olsun, onların Azərbaycan qarşısında rolu olub. Allahdan Heydər Əliyevə rəhmət diləyirəm”.

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa deyib ki, Heydər Əliyevin Azərbaycan dövlətinin qurulmasında müstəsna rolu var:

“Onun dövlət müstəqilliyinin bərpasında gördüyü işlər təqdirəlayiqdir. Gördüyü işlər bu gün də Azərbaycanın inkişaf etməsində əsas amildir.

Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycana qarşı beynəlxalq təzyiqlərin qarşısı alındı, iqtisadi inkişafa nail olundu. Xüsusilə də neft kontraktlarının imzalanması böyük tarixi hadisə idi.

Keçmiş Qarabağ münaqişəsi çərçivəsində prosesin təslimçilik atmosferinə bürünməməsində yenə onun böyük xidmətləri var. Təsadüfi deyil ki, bu gün torpaqlarımız işğaldan azad edilib və bu zəfərin təməlində Heydər Əliyevin gördüyü işlər dayanır. Azərbaycan tarixində Heydər Əliyevin rolu həmişə yüksək qiymətləndiriləcək”.

Turan Rzayev
Globalinfo.az