UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə qarşılaşacaq.
Avqustun 20-də Xorvatiyada keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Növbəti qarşılaşma isə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq və saat 20:45-də start götürəcək.
“Qarabağ” rəqibini keçə biləcəkmi? İki komandanı müqayisə etdikdə hansı daha şanslı görünür?
Globalinfo.az-a danışan idman eksperti Fuad Eldarov deyib ki, baş məşqçi Qurban Qurbanov komandasını UEFA Çempionlar Liqasının əsas mərhələsində görmək istəyir:
“Təcrübəli məşqçimiz “Ludoqorets”lə oyundan əvvəl hələ heç nəyin bitmədiyini demişdi. Sözünün üstündə durdu və tarixi qələbə ilə Bolqarıstandan qayıtdı. İndi isə komanda bu qələbənin yaratdığı xoşbəxtliyi bir kənara qoyub, növbəti mərhələyə köklənməlidir. Bura Çempionlar Liqasıdır. Heç bir komandanın gücünü aşağı görmək olmaz”.
F.Eldarov “Dinamo”nun Xorvatiyada ən köklü komanda olduğunu bildirib:
“Bu klub Avropada yaxşı tanınır, gücü yaxşı bilinir. Ötən mövsümə nəzər saldıqda görürük ki, Avropa səhnəsində heç də ürəkaçan deyildi. Çempionlar Liqasında başlayan səfər, sonra Avropa Liqası, yekunda Konfrans Liqası ilə tamamlandı. Futbolçular Avropa komandaları ilə dueldə inamsız çıxış edirdi, lazım olan qələbəni qazana biləcək əzmdə deyildilər. Daxili yarışlarda “Dinamo”nun uğurunu qabartmaq istəmirəm. Paytaxt klubu Xorvatiya miqyasında hegemonluq etməkdən heç vaxt çəkinməyib. Keçən il bir qədər “Riyeka” onların işinə mane olmağa çalışdı, amma il sonunda titullar yenə də “Dinamo”nun oldu”.
Jurnalistin fikrincə, “Qarabağ” və “Dinamo”nu yan-yana qoysaq, bu dueldə üstün tərəf Ağdam təmsilçisidir:
“Heç kim ayranına turş deməz”, – deyə bir məsəl var. Mən bu aspektdən çıxış etməyəcəm, amma həqiqətən mənə görə, “Qarabağ” bu cütdə favoritdir. “Dinamo” (Zaqreb) mərhələni ilk oyunda həll etmək istəyəcək. Bakıdakı atmosferi əminəm ki, soraqlayıb, biliblər. “Qarabağ”ın da əskikləri var. Komandanın müdafiə xəttinə yeni oyunçular lazımdır. Hazırkıların pis olduğunu deməyək. Hər biri yaxşıdır, amma ehtiyatı yoxdur. Onları əvəzləyəcək güc zəifdir. Bir sözlə, “Qarabağ” sürətli əks-hücum, təzyiq futbolu oynasa, “Dinamo” Ağdam klubuna bata bilməyəcək. Komandamıza uğurlar arzu edirəm!”
Safura Bənnayeva
Globalinfo.az














