Rusiyada tezliklə yalnız “YouTube” deyil, “Google”, “Android” və “iOS”un da bloklanacağı bildirilib. Dövlət Dumasının deputatı Aleksey Didenko vurğulayıb ki, dövlət qulluqçularına və məmurlara, xüsusilə məxfi məlumatlara çıxışı olanlara çoxdan bu platformalardan istifadə etmək qadağan edilib.
Bundan əlavə, bildirilib ki, bloklanma prosesi iki mərhələdə həyata keçiriləcək: oktyabr ayına qədər videohostinqin işinin yavaşladılması və sonra isə tam bloklanma.
Məlumatda o da vurğulanır ki, qərar siyasi xarakter daşıyır və “YouTube” administrasiyasına qarşı yönəlib.
Azərbaycanda da təhlükəsizlik baxımından belə bir addım atıla bilərmi?
Mövzunu Globalinfo.az-a şərh edən İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovun fikrincə, bu addımın arxasında Rusiyada belə platformaların əvəzinə yerli platformalarının istifadəsi təşviqi və təhlükəsizlik amilləri nəzərə alınır.
Onun sözlərinə görə, belə bir addım atılarkən hökumətlər təhlükəsizlik, məxfilik və milli maraqları nəzərə alırlar:
Elvin Həsənov
“Sözsüz ki, Azərbaycanda da təhlükəsizlik məsələləri və məxfi məlumatların qorunması vacibdir. Respublikamızda internet resurslarının bloklanması üçün müəyyən hüquqi əsaslar mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına əsasən, dövlət təhlükəsizliyi, ictimai asayiş kimi amilləri qorumaq üçün müəyyən addımlar atıla bilər. İnternet resurslarının bloklanması adətən, məhkəmə və ya xüsusi dövlət orqanlarının qərarları əsasında həyata keçirilir. Rusiyada olduğu kimi, ehtiyac yarandığı təqdirdə həmçinin ölkəmizdə də dövlət qulluqçuları və məmurlar, xüsusilə məxfi məlumatlara çıxışı olan şəxslər üçün müəyyən məhdudiyyətlər mövcud ola bilər. Bu, məxfi məlumatların xarici platformalar vasitəsilə sızmasının qarşısını almaq məqsədi daşıyır”.
E.Həsənov deyib ki, nümunə olaraq bizlər bu mərhələni 44 günlük Vətən müharibəsi dövründə yaşadıq:
“Lakin texnologiyada mümkünsüzlüyü mümkün etmək də olur. Hansısa qadağan olunmuş sayta daxil olmaq üçün müxtəlif fərqli tətbiqlərdən istifadə etmək mümkündür. Amma düşünürəm ki, qadağalar olacağı təqdirdə bu cür addımların atılması üçün rəsmi qərarlar və elanlar tələb olunur. Əgər belə bir tədbirin həyata keçirilməsi planlaşdırılırsa, hökumət tərəfindən ictimaiyyətə müvafiq məlumat veriləcək”.
Zaira Akifqızı
Globalinfo.az














