“ABŞ-ın İsrailin müdafiəsi üçün yaratdığı koalisiyaya qoşulmaq lazımdır”.
Globalinfo.az xəbər verir ki, bu təkliflə Almaniyanın müxalif Xristian-Demokrat İttifaqı Partiyası çıxış edib.
Partiyadan olan deputat Roderix Kizevetter də “Der Şpigel”ə açıqlamasında Almaniyanın “Eurofighter” təyyarələrini İran PUA-larını ələ keçirmək üçün göndərməli olduğunu söyləyib.
Bununla belə, Berlin məsələ ilə bağlı addım atmağa tələsmir. Əsasən sola meyilli partiyalardan ibarət hökumət böhranın həlli üçün diplomatik metodlardan istifadəyə çağırış edir.
Almaniya müdafiə naziri Boris Pistorius isə İsrailin onlara hərbi kömək üçün müraciət etdiklərini təsdiqləyib. Lakin o, hələlik alman əsgərlərini regiona göndərmək niyyətində olmadıqlarını deyib.
Qeyd edək ki, İsraillə İran arasında gərginlik Təl-Əvivin HƏMAS lideri İsmayıl Haniyəni öldürməsindən sonra artıb. İsrail İrandan gələcək təhdidlərə hazırlıqlı olduğunu bildirib. Tehran isə qisas alacağını bəyan edib, amma bunu nə vaxt edəcəyini açıqlamayıb. ABŞ və İsrail bu hücumun avqustun 5-də gerçəkləşəcəyini güman edirlər. Buna görə Vaşinqton bölgəyə əlavə hərbi qüvvələr yeridib.
Əliyar Xəlil
Globalinfo.az