“8-ci kilometr bazar”ının yaxınlığında yerləşən məşhur “Lotos” Ticarət Mərkəzinin yanması ictimaiyyətdə müxtəlif fikirlər formalaşdırıb. Belə ki, insanlar ticarət mərkəzinin qəsdlə yandırıldığını düşünür. Buna səbəb isə 2019-cu ilin mart ayında həmin ərazidə “Diqlas” ticarət mərkəzinin yanması göstərilir.
Ötən ilin sonlarında isə “8-ci km bazarı”nın ləğv ediləcəyi xəbəri gündəmə gətirildi. İstər orada çalışan şəxslər, istər ekspertlər, istərsə də vətəndaşlar bazarın bağlanacağını bildirirdilər. Həmin bazarın isə Yeni Günəşli ərazisinə köçürüləcəyi iddia edilirdi.
İndiyə kimi çox ticarət mərkəzləri yanıb. Amma “Diqlas”ın yanması onun bütövlükdə uçurulmasına səbəb oldu. Görünür, yavaş-yavaş “Lotos” da dağıdılacaq. Yerində isə nə tikiləcəyi məlum deyil.
Xatırladaq ki, “Diqlas” yanan zaman həmin ərazidə yerləşən bazarın da yanacağı və ləğv ediləcəyi ilə bağlı şayiələr yayılmışdı.
Görəsən, nə baş verir ki, həmin ərazidə ticarət mərkəzləri, obyektlər növbə ilə yanır?
Globalinfo.az-a danışan təhlükəsizlik üzrə ekspert Rəşad Rza deyib ki, ilk növbədə yanğının baş vermə səbəbi araşdırılmalıdır. Onun sözlərinə görə, həmin ərazi qəsdlə yandırıla bilər:
“Mütləq ilkin tədqiqat aparılmalıdır. Doğrudan da oraları başqa əraziyə köçürmək məqsədilə də yandıra bilərlər. Amma bir məsələ də var ki, həmin ərazidə yerləşən kafelərdə naqillərin əksəriyyətinin istismar müddəti bitib, bir çoxu isə kustar üsulla çəkilib və s. Yanğın yüksək gərginlik nəticəsində də baş verə bilər”.
Zaira Akifqızı














