Qorxunc proqnoz: “İranın ali rəhbərliyi belə aradan götürülə bilər”

Qorxunc proqnoz: “İranın ali rəhbərliyi belə aradan götürülə bilər”

HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi Tehranın necə müdafiəsiz, təhlükəsizlik baxımdan necə aciz olduğunu gündəmə gətirib. İstənilən vaxt İran ərazisində belə aksiyaların həyata keçirlməsi mümkündür. Bu cür sui-qəsdlər nə birincidir, nə sonuncu.

2024-cü ilin yanvar ayının əvvəlində Qasım Süleymaninin qəbrini ziyarətə gedən kütlənin içində partlayış zamanı xeyli sayda tələfat oldu. SEPAH zabitlərinin aradan götürülməsi, nüvə alimlərinin günün günorta çağı öldürülməsi və s. bu deyilənləri möhkəmlədir. Rəisinin vertolyot qəzasının da təxribat olduğu, xarici güclər tərəfindən həyata keçirildiyi iddiaları son hücum fonunda inandırıcı görünür.

İranın təhlükəsizlik baxımdan belə zəif olması başqa hansı siyasi qətllərin baş verəcəyini aktuallaşdırır? Bu cür sui-qəsdlər İranın dini və siyasi hakimiyyətinə qarşı da həyata keçirilə bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Oqtay Qasımov deyib ki, HƏMAS liderinin Tehranda qətlə yetirilməsi, xüsusilə də onun evinin prezident iqamətgahına yaxın ərazidə yerləşməsi kifayət qədər ciddi mətləblərdən xəbər verir:

Qorxunc proqnoz: “İranın ali rəhbərliyi belə aradan götürülə bilər”

Oqtay Qasımov

“Son bir neçə ildə İran daxilində baş verən sui-qəsdlər seriası xüsusilə də nüvə alimlərinin aradan götürülməsi və İranda Qasım Süleymaninin qəbrini ziyarətə gedənlər arasında terror aktının törədilməsi, yüksək rütbəli zabitlərin aradan götürülməsi və Tehranın Yaxın Şərqdəki bəzi hərbi bazaları, xüsusi əhəmiyyət kəsb edən obyektlərinin hədəfə alınması İranda təhlükəsizliklə bağlı zəifliyin olduğunun bariz nümunəsidir. İran fərqli formada özünü təqdim etməyə çalışsa da İsmayıl Haniyənin qaldığı evin dəqiq raket atəşi ilə vurulması, həmin ərazinin xüsusi mühafizə olunan zona olmasına baxmayaraq belə bir əməliyyatın keçirilməsi İranın təhlükəsizlik sistemindəki boşluqlardan qaynaqlanır”.

Politoloq bundan sonra da bənzər hadisələrin yaşanacağını istisna etmir:

“Bu gün İranın bir çox ölkələrlə – İsrail və ABŞ-la ciddi problemləri var. İsmayıl Haniyənin qətlə yetirilməsi hadisəsinin də Prezident Məsud Pezeşkianın andiçmə mərasimindən sonra baş verməsi əslində yalnız HƏMAS-a deyil, İrana da verilən mesaj idi. Göstərilirdi ki, İranın ən yüksək ali rəhbərliyinin belə təhlükəsizliyi təhdid altındadır. İstənilən an aradan götürülə bilər.

Bu kimi hadisələrin baş verib-verməməsi İranın yürüdəcəyi siyasətdən, İsrail və ABŞ-la münasibətlərindən asılı olacaq”.

Safura Bənnayeva
Globalinfo.az