“Separatçı “lider” Arayik Arutyunyanın Fransanın “France 24” televiziya kanalına müsahibə verməsi və özünü “Dağlıq Qarabağ”ın “prezidenti” olaraq təqdim etməsi heç nəyi dəyişmir. Fransa Cənubi Qafqazdan çox uzaqdadır və bu kimi cəhdlər sadəcə cəhd olaraq qalır. Regionda dəyişən reallıqları qəbul etməyən Paris bu cür ucuz gedişlər etməklə kifayətlənəcək”.
Bu sözləri Globalinfo.az-a politoloq İlyas Hüseynov Fransada səfərdə olan Qarabağdakı qondarma rejimin “rəhbəri” Arayik Arutyunyanın “France 24” telekanalına müsahibəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, oktyabrın 6-da Praqada keçirilən görüş sonrası Fransanın Azərbaycana qarşı təzyiqləri artıb:
“Görünən odur ki, Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişhel arasında keçirilmiş görüşdən sonra rəsmi Paris cəsarətlənib. Hansı ki, məhz bu görüşdən sonra Emanuel Makron öncə “France 24” televiziya kanalında ölkəmizi ittiham etdi, daha sonra Fransa Senatında “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” ilə bağlı qətnaməni yekdilliklə qəbul etdirdi”.
Politoloqun sözlərinə görə, Arayik Arutyunyanın Fransaya səfərini bu ölkədə fəaliyyət göstərən erməni lobbisi maliyyələşdirir:
“Təsadüfi deyil ki, Arayikin nümayəndə heyətinin tərkibində Murad Papazyan kimi Daşnaqsutyun partiyasının Fransada fəaliyyət göstərən funksioneri də var və çəkilən fotolarda o da əks olunub.
Hazırda rəsmi Paris separatçıları ələ almağa çalışır. Məsələ ondadır ki, 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi konfiqurasiyadan Paris narahatdır. Çünki bu gün ATƏT-in Minsk Qrupu da fəaliyyət göstərmir. Fransa faktiki olaraq bu format vasitəsi ilə Cənubi Qafqazda öz siyasi mövcudluğunu qoruyub saxlayırdı. Digər tərəfdən, bu gün Ermənistanda və Fransada elə düşünürlər ki, Rusiyanın Ukrayna cəbhəsində məğlubiyyəti Kremlinin Cənubi Qafqazda maraqlarının itməsinə gətirib çıxaracaq. Bu maraqları isə öz növbəsində digər oyunçular əvəzləyə bilər. Misal üçün, bu gün İran da belə düşünür. O da öz növbəsində Rusiyanın regiondan çıxması halında mövqelərini indidən möhkəmləndirməyə çalışır”.
İ.Hüsyenovun sözlərinə görə, Fransanın çəkindiyi bir məsələ də Cənubi Qafqazda Türkiyə təsirinin günbəgün artmasıdır:
“Bu gün Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq münasibəti var. Fransada elə düşünürlər ki, Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi geosiyasi arealda Fransanın itkisinə səbəb olacaq. Məhz buna görə Fransa Ermənistanı öz vizyonunda siyasi alət kimi istifadə edir.
Fransa Qarabağda humanitar büro da açmaq istəyir. Məhz buna görə bu gün həm Ermənistan Baş naziri Nikol Paşinyan, həm də separatçı lider Arayik Arutyunyan ilə təmaslar qurulub. Lakin rəsmi Bakı bütün bu təşəbbüslərə izin verməyəcək. Yaranan bu vəziyyət qarşısında Bakı da addımlar atacaq”.
Turan Rzayev,
Globalinfo.az