“3+3” formatı Cənubi Qafqazın Avropa İttifaqı ola bilər

 

“3+3” formatı Cənubi Qafqazın Avropa İttifaqı ola bilər

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın iştirakı ilə “3+3” formatında regional əməkdaşlıq platformasının ikinci iclası yaxın aylarda baş tuta bilər.

Rəsmi Tiflis əvvəldən bildirmişdi ki, Rusiya Gürcüstan torpaqlarını işğal etdiyi və separatçılara dəstək verdiyi üçün iclasda iştirak etməyəcək. Mövcud İran-Azərbaycan münasibətlərinin pisləşməsi də formatın ikinci iclası ilə bağlı suallar yaradır.

Maraqlıdır, “3+3” formatında regional əməkdaşlıq platformasının ikinci iclası yaxın aylarda baş tuta bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, “3+3” formatı alınsa, bu, region ölkələrinin əməkdaşlığı üçün faydalı ola bilər:

“Məsələ ondadır ki, “3+3” formatı həm 3 Cənubi Qafqaz Respublikası –  Ermənistan, Gürcüstan və Azərbaycanın, həm də regiona çıxışı olan İran, Rusiya və Türkiyənin əməkdaşlığını nəzərdə tutur. Xüsusilə Türkiyə, İran, Rusiyanın regional proseslərə cəlb edilməsi onların iqtisadi, enerji, logistika və s. sahədə rəqabət aparmasına səbəb ola bilər.

Qəribədir ki, 3+3 formatı ölkələrinin bəziləri ilk gündən etibarən prosesə səmimi yanaşmır. Misal üçün, Ermənistan əvvəl formatda iştirak etməyəcəyini dediyi halda daha sonra Rusiya və Azərbaycanın təzyiqləri ilə bu fikrindən daşındı. Gürcüstan isə Rusiyanın Abxaziya və Cənubi Osetiyanı işğal edib, separatçı rejimləri dəstəkləməsini əsas gətirərək formatda iştirakdan yayınır. Əvəzində Avropa ilə yaxınlaşan rəsmi Tiflis faktiki olaraq regionda “Troya atı” funksiyasını icra edir.

İrana gəldikdə isə rəsmi Tehran Türkiyənin bu formatda iştirak etməsini istəmir. Bundan başqa Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını istəməyən Tehran gərginliyi artırmaq üçün əlindən gələni edir. İran Türkiyə və Rusiya ilə əməkdaşlıqda maraqlı deyil. Bu isə öz növbəsində formatın effektini aşağı salır.

Əgər ölkələr bütün bu məsələləri kənara qoyub Avropa ölkələrini nümunə götürə bilsə, 3+3 formatı gələcəkdə Avropa İttifaqı kimi ola bilər”.

Turan Rzayev
Globalinfo.az