O möhtəşəm gündən iki il ötür: Türkiyə-Azərbaycan hərbi-siyasi birliyinin zəfər tarixi

 

O möhtəşəm gündən iki il ötür: Türkiyə-Azərbaycan hərbi-siyasi birliyinin zəfər tarixi

Bu gün 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəmizə həsr edilmiş, tarixi Zəfər paradının keçirilməsindən iki il ötür.

Qüdrətli Ordumuzun sayəsində, qardaş və dostlarımızın mənəvi-siyasi dəstəyi ilə post sovet coğrafiyasında torpaqlarını işğaldan azad edən ilk və tək xalq olmağın qürurunu yaşayırıq.

Zəfər paradı həm də siyasi baxımdan diqqət çəkir. Hansı ki, paradın keçirilməsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də “Şuşa Bəyannaməsi” imzalandı.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan  tanınmış hərbi ekspert, “M5 Müdafiə və Strategiya jurnalı”nın regional təmsilçisi Alp Arslan İmamqulu deyib ki, Zəfər paradı 200 ildə ilk dəfə əldə olunmuş qələbənin simvolu idi.

Ruslan öldü, yaşasın Alp Arslan - Adını özü qoyan insan

“Bu paradda Azərbaycanın siyasi iradəsi, ordusu və xalqının həmrəyliyi nümayiş etdirildi. Və məhz bu paradda iştirak edən qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ali Baş Komandanımız İlham Əliyev düşmənlərimizə ciddi mesajlar vermiş oldu.

Bununla yanaşı, Zəfər paradı qalib Azərbaycan ordusunun, onun yüksək texnoloji vasitələrinin, o cümlədən əldə olunmuş qələbə ilə düşməndən ələ keçirilmiş qənimətlərin təqdim olunması baxımından da əhəmiyyətli idi.

Zəfər paradı gələcək qalibiyyətlərin bir başlanğıcı idi”.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Zəfər paradının keçirilməsi ilə Şuşa Bəyannaməsinin imzalanması arasında paralellik var:

Bakupost.az - "Fransa qazın üzünü də görməməlidir" - Qabil  Hüseynli

“İlk öncə deyim ki, Zəfər paradı 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin bütün dünyaya təntənəli şəkildə elanı idi. Zəfər paradı həm də 27 illik işğal ilə alnımıza yaxılan qara ləkənin birdəfəlik silindiyinin göstəricisi idi.

Paradda qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi təsadüfi deyildi. Rəsmi Ankara 44 günlük müharibə zamanı istər informasiya cəbhəsində, istərsə də siyasi arenalarda bütün gücü ilə ölkəmizə dəstəyini ifadə etdi. Hətta onu demək lazımdır ki, ölkə başçısı Prezident İlham Əliyevin xarici kanallara, informasiya agentliklərinə müsahibə verdiyi bir zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ən yüksək siyasi tribunalardan çıxış edərək öz dəstəyini ifadə edirdi. Buna görə də əldə edilən zəfər həm də Türkiyə-Azərbaycan qələbəsi idi. Buna görə də qalib ölkə başçıları Zəfər paradında birlikdə iştirak etdi.

Zəfər paradı ilə bağlı sözsüz ən diqqətçəkən məqam paradın keçirilməsindən qısa müddət sonra Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanmasıdır. Bu, iki ölkə münasibətləri tarixində imzalanan ən yüksək səviyyəli sənəddir. Eyni zamanda bu, Türkiyə-Azərbaycan strateji münasibətlərinin hərbi ittifaq səviyyəsinə yüksəlməsi demək idi”.

Turan Rzayev,

Globalinfo.az