ABŞ-ın Kamalası ilə bizim Kəmaləni nə birləşdirir? – Akademikin şərhi

ABŞ-ın Kamalası ilə bizim Kəmaləni nə birləşdirir? – Akademikin şərhi

Sosial şəbəkələrdə ABŞ prezidentliyinə namizəd Kamala Harrisin adı ilə bağlı müzakirələr başlayıb. Bəzi istifadəçilər onun adının kökünün “Kəmalə”dən gəldiyini iddia edirlər.

Bəs dünyanın dilindən düşməyən məşhur Kamala adı Azərbaycandakı Kəmalə sözü ilə eyni etimologiyaya mənsubdur? Kamal, Kəmalə, Kəmaləddin və s. sözlərin mənşəyi eynidir?

Mövzunu Globalinfo.az-a şərh edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Kamala adına görə mübahisə etməyə gərək olmadığını bildirib.

O, Kamala ilə Kəmalə arasında heç bir əlaqənin olmadığını qeyd edib:

“Bu, sadəcə, təsadüfdür. Kamal sözü ərəbcədən tərcümədə “mükəmməl” deməkdir. Heç bizim də sözümüz deyil. Kamala adı isə tamamilə başqa millətə məxsusdur. Bu adı Kamil, Kəmalə və digər oxşar adlarla eyniləşdirmək olmaz. Ona görə də, mübahisə etməyə dəyməz”.

Azərbaycanda Kəmalə adı bir vaxtlar çox dəbdə olub. Sovet dövründə, müstəqilliyin ilk illərində qız uşaqlarına bu ad çox verilirdi. Hətta “Kəmalə” rəqsi belə var. Bu melodiya hələ də populyarlığını qoruyur. Sözügedən rəqsi qarmon ifaçısı, mərhum Xalq artisti Aftandil İsrafilov bəstələyib.

Zaira Akifqızı
Globalinfo.az