Sui-qəsd nəticəsində öldürülən HƏMAS lideri İsmayıl Haniyənin son müsahibəsi zamanı səsləndirdiyi fikirlər diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Kamal Öztürk yazıb.
O, Haniyə ilə iyulun 16-da Qətərin paytaxtı Dohada görüşdüyünü bildirib:
“Təbii ki, bir jurnalist üçün Haniyə ilə müharibə şəraitində görüşmək çox çətindir. Məni onun olduğu yerə apardılar. Düzünü desəm, bir az təəccübləndim, təhlükəsizlik tədbirləri o qədər də güclü deyildi. Haniyənin yaşadığı evə girəndə küçənin başında polis maşını dayanmışdı. Onun yanından keçəndən sonra 2-3 mühafizəçi var idi. 3 övladının, 4 nəvəsinin ölüm xəbərini aldığı otaqda görüşdük. “7 Oktyabr hərəkatı strateji səhv idimi?” deyə ünvanladığım suala bu cavabı verdi:
“Oktyabrın 7-nə qədər çox sayda itki verdik, minlərlə, onminlərlə insanımız şəhid oldu. O zaman dünya səsini çıxardı? Kimsə nəsə dedi? Bizi dəstəkləyən oldumu? İsrailə “dayan” dedimi?! Allahın izni ilə bu mübarizədə qalib gələcəyik. Bu yolda canımızı verməyə hazırıq və verəcəyik“.
“15 gün sonra isə Haniyə həyatını itirdi”, – Öztürk qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az














