Dövlətin korrupsiyaya qarşı apardığı mübarizənin miqyası getdikcə böyüyür. Əsas hədəf budur ki, korrupsiya maksimum dərəcədə azaldılsın. Həmçinin rüşvət hallarının da aradan qalxması üçün addımlar atılır.
Hər nə qədər tənqid edilsə də bu sahədə irəliləyiş görünür. Müdir, direktor korpusunun nəzarətindəki rüşvət və korrupsiya dövriyyəsi əhəmiyyətli şəkildə azaldılıb. Məsələn, orta məktəb direktorlarının, xəstəxanaların baş həkimlərinin, digər idarə-müəssisə rəhbərlərinin işə adam götürmək səlahiyyətləri tam aradan qaldırılıb. Adətən bu kateqoriya məmurlar işə yeni kadrları rüşvətsiz götürmürlər. Artıq kadrların mərkəzləşmiş və elektron qaydada işə qəbulu aparıldığı üçün direktor-müdir korpusu, necə deyərlər, çörəksiz qalıb. Onların işə götürmək səlahiyyətləri yoxdur.
Dövlət fərqindədir ki, korrupsiya bataqlığı ölkəni geri çəkir, cəmiyyəti öz çirkabında məhv edir. On illərlə çirkli gəlirlərə öyrəşmiş rəhbər şəxslərin bu kimi qazancdan məhrum edilmələri xalq tərəfindən dəstəklənir. Amma maraqlıdır ki, bundan narazı qalanlar da tapılır. “Pulumuzu verib, işimizi görürdük” deyənlərə rast gəlinir. İndi şərtlər dəyişib deyə, hətta pul vermədən də işə qəbul xeyli çətinləşib. Müsabiqə şərtlərindən keçə bilməyənlər üçün rüşvət faktoru çox cazibədar görünür.
Prezident İlham Əliyev korrupsiyaya qarşı barışmaz mövqe tutub. Dövlət başçısı bu məsələdə güzəştsizdir. O, hər çıxışında bu mövzuya toxunur. “Belələrinə aramızda yer yoxdur” deyir. İlham Əliyev bu sistemin darmadağın edilməsi üçün geniş tədbirlərə start verib. Acgöz məmurların doymayan nəfslərinin qarşını yalnız sərt tədbirlərlə almağın mümkünlüyü təsdiqini tapır. Tapşırmaqla, nəzarətlə, tənbehlə korrupsionerlər tərbiyə olunmur. Ona görə də dövlət bu tip kadrlara ən sərt üzünü göstərir. Məlum olur ki, vəzifədə olarkən bu adamlar heç bir əxlaq və qanun çərçivəsi tanımayıblar. Dövlətin pulunu, xalqın malını talayıblar.
Hətta keçmiş xidmətləri olan məmurları belə korrupsiya əməllərinə görə bağışlamır. Son vaxtlar Naxçıvanda baş verənlər buna bariz nümunədir. Kim deyərdi, Vasif Talıbovun çevrəsində bu cür şok əməliyyatlar keçirilər? Onun rəhbərlik etdiyi Muxtar Respublikada korrupsiyaçı məmurlar qandallanaraq Bakıya gətirilər? Xəyal belə etmədiklərimiz gerçək olur. Düzdür, Naxçıvan əməliyyatının təkcə iqtisadi cinayətkarlıqla bağlı olmadığı deyilir. Siyasət amillərinin olduğu haqda da gen-bol danışılır. Fəqət ortada siyasi amilləri sübut edən heç nə yoxdur. Amma korrupsiyanı isbatlayan neçə-neçə həbs var, işdən uzaqlaşdrıma, rəsmi açıqlama var.
Prezident İlham Əliyev 2018-ci ildən bəri hakim komandanı köklü şəkildə yeniləyib. İnqilabi dəyişiklər aparıb. Korrupsiya bataqlığı yaradan, inkişafın, reformaların qarşına sədd çəkən yüksək vəzifəli məmurlar işdən çıxarılıb. Onların yerinə gənc, savadlı, vətənpərvər, bir neçə dildə danışmağı bacaran kadrlar gətirilib. Nəticə göz qabağındadır. Prezidentin bu siyasətini gözdən salmaq istəyən qüvvələr var. Onlar gecə-gündüz yeni təyinatları tənqid etməklə məşğuldurlar. Amma kadr islahatlarının nəticələri göz önündədir. Məmur özbaşınalığı, vəzifəli şəxslərin yaxın qohumlarının qudurğanlığı, xalqa yuxarıdan aşağı baxma, əhalinin həssas təbəqəsi ilə saymaz rəftar ortadan qalxıb. Məmur korpusunun talançılığı xeyli şəkildə azalıb.
Sual oluna bilər ki, rüşvət, korrupsiya halları azalıbsa, niyə vaxtaşırı dövlət qurumlarında anti-korrupsiyaya əməliyyatları keçirilir? Bu sualın bir neçə variantda cavabı var. Məsələn, müharibə aparıb, torpaq azad edəndə də itkilər olur. Amma sonda qələbə qazanılır. Korrupsiyaçı, rüşvətçi məmurlar da belədir, onlara qarşı da dövlət düşmənlə savaşırmış kimi mübarizə aparır. Hətta bəzən köhnələrin yerinə gətirilən yenilər də bu xəstəliyə düçar olur. Buna rəğmən proses davam edir. Həm də heç kimin gözünün yaşına baxmadan.
Xəbər xidməti