Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, ABŞ-ın Moskvadakı səfirliyinin fəaliyyəti hələ tam şəkildə bərpa olunmayacaq, çünki hazırda iki ölkə arasında heç bir əlaqə yoxdur.
2021-ci ildə Moskva ABŞ diplomatik missiyası tərəfindən Rusiya və üçüncü ölkə vətəndaşlarının işə götürülməsinə məhdudiyyətlər tətbiq etdi. ABŞ səfirliyi həmin ildən etibarən konsulluq xidmətlərinin sayını azaldacağını, eləcə də diplomatik səfərlər üçün nəzərdə tutulmayan viza sənədlərinə baxılmasını dayandıracağını bildirdi.
İki ölkə arasında diplomatik münasibətlər nə vaxt bərpa oluna bilər? Əks halda bunun hansı təsirlərini görəcəyik?
Globalinfo.az-a danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, ABŞ-la Rusiya arasında münasibətlərin tezliklə normallaşmasını gözləmək sadəlövhlük olar:
“Nəzərə almaq lazımdır ki, beynəlxalq münasibətlər sistemində bu ölkələr aktiv müharibə fazasında olmasa da, faktiki olaraq soyuq müharibə içərisindədir. İki ölkənin yeganə ortaq cəhəti çoxqütblü dünya modelini arzulamamaqdır. Diqqətlə baxsaq, iki ölkənin də öz ətrafında dövlətləri bir araya gətirmək istədiyini görmək olar”.
Tural İsmayılov
T.İsmayılov qeyd edib ki, Ukrayna müharibəsi onsuz da gərgin olan Rusiya-ABŞ münasibətlərini daha da çıxmaza salıb:
ABŞ və Rusiyanın ideoloji baxışları, dünya siyasətinə yanaşmaları, strateji hədəfləri kəskin fərqlənir. Bu həm də iki ölkəni qarşı-qarşıya gətirir. Buna görə də indiki məqamda hər hansısa bir sülhdən, münasibətlərin normallaşmasından söhbət belə gedə bilməz”.
Turan Rzayev
Globalinfo.az