ABŞ Prezidenti Co Baydenin prezidentlik uğrunda yarışdan çəkilməsi bəzi sualları gündəmə gətirib. Əsasən də Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı. Aydın məsələdir ki, Bayden Zelenskinin ən böyük dəstəkçisi idi və Trampın prezident seçilməsi halında proseslər fərqli cərəyan edə bilər.
Baydenin seçkidən çəkilməsi Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? Tramp Baydendən fərqli olaraq nə edəcək? Vəziyyət Rusiya maraqlarına uyğundur?
Globalinfo.az-a danışan politoloq Şahin Cəfərli deyib ki, ABŞ Prezidenti Co Baydenin prezidentlik uğrunda yarışdan çəkilməsindən sonra nəticələrlə bağlı qeyri-müəyyənlik yarandı:
“Yəni seçkilərin nəticələri ilə bağlı birdəfəlik nəsə demək doğru olmaz. Böyük ehtimalla demokratların namizədi vitse-prezident Kamala Harris olacaq. Seçkilərin keçirilmə tarixi yaxınlaşdıqca kimin qələbə şansı çox olacaq, bilinəcək.
Demokratların namizədi Kamala Harris seçilərsə, ABŞ-ın Ukrayna müharibəsi ilə bağlı siyasəti davam edəcək. Əlbəttə, yeni prezidentin öz dəsti xətti olur. Yəni siyasətə kiçik korrektələr edilə bilər. Amma strateji planda ABŞ-ın Ukrayna müharibəsinə baxışı dəyişməyəcək.
Tramp qalib gələrsə bu halda siyasət dəyişikliyi baş verəcək. Düzdür, düşünmürəm ki, Tramp seçilərsə, Ukraynaya yardımları kəsəcək. Bu yanaşma doğru deyil. Onun dövründə də bu yardımlar ediləcək. Tramp sadəcə düşünür ki, tərəflər danışıqlar masasına qayıtmalıdır. Ukrayna tərəfi də bunu istəyir.
Danışıqlar masasına əyləşmək indiki məqamda problemin həlli demək deyil. Yaxşı bilirik ki, proses uzana bilər. Ukrayna münaqişəsi kifayət qədər mürəkkəbdir və tərəflər masa arxasına əyləşərsə belə, yekun həll qısa zamanda olmayacaq. Rusiyanın mövqeyi elədir ki, ultimativ bir tələb qoyur, bu tələblərin qəbul edilməsini istəyir. Bu isə qeyri-mümkün görünür.
Hesab edirəm, Rusiya tərəfi danışıqlarda konstruktiv olmasa, tələblərini davam etdirsə, bu zaman ABŞ nəinki Ukraynaya yardımı kəsə, əksinə, artıra bilər. Çünki Trampın xasiyyəti atacağı addımları qeyri-müəyyən edir”.
Turan Rzayev
Globalinfo.az