Fransanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin iyulun 20-də İrəvanın “Zvartnots” hava limanına eniş etməsi Ermənistan ordusunun silahlandırılması məsələsini yenidən gündəmə gətirib.
Hərbi yük təyyarəsinin dəqiq nə daşıdığı açıqlanmasa da, içində silah-sursatın olması istisna deyil. Avropadan sülh çağırışlarının səsləndirildiyi bir zamanda Parisin İrəvanı silahlandırması siyasi arenada birmənalı qarşılanmayıb.
Bakı bu addıma necə cavab verəcək? Paris gərginliyi artırmaqla nəyə nail olmağa çalışır?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, Fransanın Ermənistana silah verməsi nə bu günün, nə də sabahın problemidir:
“Paris İrəvanı özünün yaxın müttəfiqi elan edib. Fransanın məqsədi Ermənistan vasitəsilə regionda hərbi mövcudluğunu təsdiq etmək, şərqdən qərbə gedən yollara nəzarəti ələ keçirməkdir. Paris burada Zəngəzur dəhlizini strateji qovşaq kimi görür.
Zəngəzur dəhlizi uğrunda bu gün müxtəlif qruplar arasında geopolitik savaş gedir. Bu savaşın ən aktiv iştirakçılarından biri Fransadır. Paris mübarizədə ABŞ-ın dəstəyinə ümid edir. Hələ ki belə bir dəstəyin olub-olmadığı məlum deyil. Çünki Vaşinqton bu məsələdə öz mövqeyini tam olaraq daha sonra açıq şəkildə ortaya qoyacaq”.
V.Hüseynin sözlərinə görə, Vaşinqton sülh sazişinin imzalanmasında maraqlı görünür:
“Bununla belə ABŞ-dan siqnallar gəlməyə davam edir. Fransa isə həm dəhlizlərə nəzarət etmək, həm də Ermənistan vasitəsilə Türkiyənin şərqində plasdarm qurmaq istəyir. Paris bu yolla Türkiyə və Azərbaycana qarşı baza yaratmaq niyyətindədir. Ona görə də İrəvanı aktiv şəkildə silahlandırır.
Ermənistan ordusuna sadəcə Fransa deyil, ABŞ da dəstək verir. Tərəflərin birlikdə hərbi təlimlər keçirdiyini görürük”.
Turan Rzayev
Globalinfo.az














