tbilisi 1

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti Ukraynada Rusiyaya qarşı döyüşən gürcü könüllüləri dindirilməyə çağırmağa başlayıb.

Globalinfo.az xəbər verir ki, artıq iki nəfər Gürcüstan əks-kəşfiyyatı tərəfindən dindirilib.

Onların Antiişğal Hərəkatının aktivistləri Laşa Çiqladze və Nadim Xmaladze olduğu bildirilib. Hər iki aktivist Ukraynada Rusiyaya qarşı döyüşüblər.

Gürcüstanın hökumətyönlü “İmedi” kanalı onların adının hakimiyyət çevrilişinə cəhd və terror hazırlığı işlərində keçdiyini açıqlayıb.

Hər iki aktivist dindirilmələrinin siyasi xarakterli olduqlarını açıqlayıblar.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti dövlət çevrilişinə cəhd planının üstünü açdığını bəyan edib. Qurum bu planı Vahid Milli Hərəkat Partiyası, Ukraynadakı Gürcü Legionu və ABŞ-ın maliyyələşdirdiyi bəzi QHT-lərin həyata keçirmək istədiyini bildirib.

Son zamanlar xarici agentlər haqqında qanunun qəbulundan sonra Qərblə Gürcüstanın münasibətləri pisləşib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: